ADPU-nun Şamaxı filialında “Heydər Əliyev ili”nə və 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz – milli sərvətimiz” adlı tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
İlk olaraq ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova bu əlamətdar günün tarixindən və əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Sonra filialımızın tələbələrinin iştirakı ilə hazırlanmış Beynəlxalq Ana dili Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Daha sonra Sosial və pedaqoji elmlər kafedrasının dosenti Mayıl Alıcanov ana dilimizin tarixi və dilimizin qorunmasında gənclərin rolundan söhbət açıb.
Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri f.ü.f.d. Eyvaz Eminalıyev “Azərbaycan dilinin təşəkkülü tarixindən” və kafedranın müəllimi Babaşova Ruqiyyə “Azərbaycan dilinin işləkliyinin inkişaf etdirilməsi müasir mərhələdə” mövzuları ətrafında geniş şəkildə çıxışlar etdilər.
Son olaraq filialımızın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II tədris ili tələbəsi Mirzəyeva Nuranənin “Ana dili milli kimliyimizdir” mövzusunda çıxışı və İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsi Abbasova Fidanın ifasında X.Rza Ulutürkün “Ana dili” şeirinin səsləndirilməsi ilə tədbir başa çatıb.