Gələcəyimiz sağlam düşüncəli gəncliyimizin əlindədir.
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Tariximizin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclərimiz müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək bir çox nailiyyətlər qazanmışlar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərimizin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
Təbii ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur.
Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.
Bu gün Azərbaycan vətənpərvər və istedadlı gənclərin ölkəsidir. Bu, əsası Ulu öndər Heydər Əliyev tərəfindən hələ 28 il bundan öncə qoyulan “Dövlət Gənclər Siyasəti”nin öz müsbət nəticəsidir. 1994-cü ildə Heydər Əliyevin “Gənclər və İdman Nazirliyi”nin yaradılması haqqında imzaladığı sərəncam, onun bu məsələyə çox böyük diqqət yetirməsinin bir sübutudur.
Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra isə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
1996-cı il 22 iyun tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi;
Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Bununl yanaşı 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasəti onun layiqli davamçısı, bugünkü müstəqil və tolerant Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda Azərbaycan Silahlı Qüvvvələrinin Ali Baş komandanı İlham Əliyev layiqincə davam etdirir. Hazırda cənab Prezidentin rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görülür. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – fikrini söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər təsdiq edilmişdir:
– “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);
– “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;
– “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;
– “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;
– “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı.
Bu və ya digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir;
Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur.
Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulmuşdur;
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Xüsusi vurğulamalıyıq ki, ADPU-nun Şamaxı filialı üzrə hər il təhsildə xüsusi fərqlənən bir neçə tələbəmizin təhsil haqları Gənclər Fondu tərəfindən ödənir.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.
Prezident İlham Əliyev 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır;
Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.
Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır;
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”
Qeyd edim ki, filialın vətənpərvər ruhda yetişən məzunları da Şanlı Qələbə tariximizdə öz imzalarını atdılar və Ali Baş Komandan tərəfindən müxtəlif orden və medallarla təltif olundular. İki məzunumuz – Əzizov Elgün və Nəbiyev Orxan rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə ucaldılar.
Qeyd edək ki, gənclərin ali təhsil məsələsi hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Region gənclərinin inkişafı naminə müxtəlif bölgələrdə ali təhsil müəssisələrinin təşkili də ali təhsil sahəsində islahatların bir istiqamətidir. Təmsil etdiyim regionun ilk və tək ali təhsil müəssisəsi olaraq 30 illiyini qeyd edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı da dövlətin gənclər siyasətinə dəstək olaraq gənclərin təhsil və sosial həyatının günün tələblərinə uyğun qurulması üçün əlindən gələni edir. Belə ki, tələbələrin yüksək ixtisaslı kadr kimi yetişməsi məqsədilə filialın müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalarında fəal təlim üsulları ilə tədris təşkil olunur. Həmçinin tələbələrin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması tələbələrin inamla öz təhsillərini davam etdirməsinə zəmin yaradır. Sevindirici haldır ki, filiala qəbul olunan tələbələrin əksəriyyəti Dağlıq Şirvan bölgəsinin təmsilçiləridir. Filiala 500-dən artıq balla qəbul olan tələbələrin sayı da ildən-ilə artmaqdadır.
Eyni zamanda filialda təhsil alan tələbələrin sosiallaşması, regionun və filialın ictimai həyatında iştirak edərək sosial təcrübə qazanmaları üçün müxtəlif təşkilatların fəaliyyətinə də xüsusi qayğı göstərilir. Bu məqsədlə filialımızda Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı və Tələbə elmi Cəmiyyəti fəaliyyət göstərir. Həmin təşkilatların iştirakı ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi, könüllülük hərəkatına qoşulma, tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi üçün görülən işlər ölkədə aparılan gənclər siyasətinə dəstəyin nümunəsidir. Tələbə təşkilatlarının fəalları nəinki filial daxilində, həmçinin region, respublika səviyyəli tədbirlərdə fəal iştirak edir və qatıldıqları bütün tədbirlərdən diplom, kubok və digər mükafatlarla geri dönürlər.
Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ümumiyyətlə, ölkədə könüllülülk hərəkatı geniş vüsət alıb. Bu prosesə ADPU-nun Şamaxı filialının tələbələri də böyük həvəslə qoşulurlar. Könüllülərimiz Şamaxı rayon İcra Hakimiyyəti, “Bir könüllü”, “Regional İnkişaf” ictimai birliyi, “ASAN” Xidmət Mərkəzi, Şamaxı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və s. kimi idarə və təşkilatlarda uğurla fəaliyyət göstərirlər.
Göründüyü kimi, bu gün Azərbaycan, o cümlədən Şamaxı gənclərinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmaqdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.
Bu gün tam əminliklə demək olar ki, Azərbaycan gəncliyi dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Şəlalə Seyidova