“Erkən nikah və onun fəsadları” və “Məişət zorakılığı nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Erkən nikah və onun fəsadları” və “Məişət zorakılığı nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib. Filialın tələbə və müəllim heyətinin iştirak etdiyi tədbirdə təlimçi qismində gender məsələləri üzrə ekspert, Daxili İşlər Nazirliyinin yanında İctimai Şuranın katibi Sevda Məmmədova çıxış edirdi.
Təlimçi və tədbir iştirakçılarını salamlayan Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova məişət zorakılığının məhz erkən nikahın nəticəsi olmasını vurğuladı. Həm erkən nikah, həm də məişət zorakılığına qarşı mübarizədə ictimaiyyətin rolu isə danılmazdır
Sevda Məmmədova təqdimatında hər iki mövzunun bir-biri ilə əlaqəsini vurğuladı. Qeyd olundu ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nikah hallarının baş verməsidir. Erkən nikah həm də məişət zorkılığının başlıca amillərindəndir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə, insan alverinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. 2020-ci ildə qəbul olunmuş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında qərar da məhz bu sahədə aparılan işlərin gücləndirilməsinə xidmət edir. Təlimçi uzun illik təcrübəsi zamanı şahid olduğu həyat hekayələrindən də bəhs etdi.
“Qadın hüquqlarının pozulması” adlı videoçarxın izlənməsindən sonra tələbələr mövzu ilə bağlı fikirlərini səsləndirdilər. Məktəbəqədər təhsil ixtisasının tələbəsi, TGT qrup meneceri İsmayılova Firuzə qeyd etdi ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Odur ki, gələcəyin müəllimləri olaraq maarifləndirmə işlərinə fəal qoşulmağı mühüm vəzifə hesab edən tələbələr bu kimi tədbirlərin davamlı olmasını arzu etdilər.
Tələbə Gənclər Təşkilatının fəal üzvləri Zərifə Hidayətova və Emil Əliyevin dahi şair Hüseyn Cavidin “Qız məktəbində” əsərini səhnələşdirmələri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Tədbir diskusiya şəraitində davam etdi.