Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün növbəti maarifləndirici və faydalı təlim keçirildi. Bu dəfəki təlim, Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Quliyeva Rima Hacalı qızının təqdimatında baş tutdu.

Təlimin əsas məqsədi tələbələrin ədəbiyyat fənni üzrə MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanına hazırlıq səviyyəsini artırmaq, onları bu imtahanın strukturu və məzmunu ilə ətraflı tanış etmək idi. Rima Quliyeva tələbələrə MİQ imtahan proqramı haqqında əhatəli məlumat verdi, imtahanın hansı mövzuları əhatə etdiyi, hansı bacarıqları ölçdüyü və qiymətləndirmə meyarları barədə aydın və konkret izahlar təqdim etdi.

Təlimin nəzəri hissəsindən sonra praktiki mərhələyə keçid olundu. Bu mərhələdə tələbələrə əvvəlcədən hazırlanmış test tapşırıqları təqdim edildi. Onlar testlər üzərində işləyərək həm nəzəri biliklərini möhkəmləndirmək, həm də imtahan şəraitində tapşırıqları necə həll etməli olduqları barədə praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazandılar.

Sessiyanın sonunda tələbələrin müxtəlif sualları cavablandırıldı. Onlar imtahanla bağlı qarşılaşdıqları çətinliklər, hazırlaşma strategiyaları, ədəbiyyatın tədrisi ilə bağlı təklif və maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi apardılar.

Belə maarifləndirici sessiyaların davamlı şəkildə təşkili, tələbələrin həm nəzəri, həm də praktiki bilik və bacarıqlarının inkişafında mühüm rol oynayır.

 

                                  

 

Paylaşın: