Regionun yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını əsas tutaraq yüsək səviyyəli pedaqoji kadrların yetişdirilməsi, bölgədə kadr potensialının gücləndirilməsi məqsədilə müasir standartlara uyğun tədris mühiti mövcuddur. Filialda həmçinin tələbə-gənclərin sosial layihələrinin reallaşdırılması üçün münbit şərait mövcuddur. Vaxtaşırı tələbə təşkilatları könüllülük layihələrinə qoşularaq regionun ictimai həyatında fəal iştirak edirlər. Növbəti dəfə Tələbə Gənclər Təşkilatı “Hədəf 10%” proqramı çərçivəsində “Birlikdə inkişaf edək” layihəsini irəli sürdülər. Qeyd edək ki, layihənin məqsədi Şamaxı şəhərinin ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə dəstək olmaqdır. Layihə nəticəsində həm orta məktəb şagirdlərinin təhsildə nailiyyət əldə etməsinə, həmçinin filial tələbələrinin əldə etdikləri bilikləri praktik bacarıqlara çevirmə şansı yaranacaqdır.
İlk olaraq layihənin filialın yerləşdiyi Şəhriyar qəsəbəsində A.Babaşov adına tam orta məktəbində həyata keçirilməsi üçün #DağlıqŞirvanRegionalTəhsilİdarəsinə rəsmi məktubla müraciət olundu. İdarə rəhbərliyi tərəfindən layihə məmnunluq hissi ilə qarşılandı və müsbət cavab alındı.
25 oktyabrda filialın rəhbərliyi və layihənin könüllüləri orta məktəbdə layihənin açılış tədbirində iştirak etdilər. Tədbirdə məktəbin rəhbərliyi, müəllimləri, şagirdlər və valideynlər iştirak edirdilər.
Salamlama nitqi ilə çıxış edən məktəbin direktoru Nuranə Məmmədova filialın Tələbə Gənclər Təşkilatının irəli sürdüyü layihənin təqdirəlayiq olduğunu qeyd etdi. Məktəbin bütün imkanlarını səfərbər edərək bu layihəyə dəstək veriləcəyi vurğulandı və uğurlar arzulandı.
Filialın direktoru, dosent Tünzalə Yusifova ADPU-nun Şamaıx filialında həyata keçirilən tədris prosesindən, gələcəyin müəllimlərinin yetişdirilməsi sahəsində aparılan işlərdən və layihənin məqsədindən bəhs etdi. Könüllü tələbələrimizin səyi nəticəsində şagirdlərin uğur qazanacağına əminlik ifadə olundu.
Tədbirdə iştirak edən valideynlər belə bir layihənin məhz qəsəbə məktəbində həyata keçirilməsini müsbət hal kimi dəyərləndirdilər və təşəkkürlərini bildirdilər.
26 oktyabrdan xüsusi cədvəl əsasında könüllülərimiz şagirdlərlə birlikdə fəaliyyətə başladılar.
Layihə iştirakçısı olan hər bir tələbəyə və şagirdlərimizə uğurlar arzu edirik.