ADPU-nun Şamaxı filialında Beynəlxalq Müəllimlər Günündə şəhid müəllimlər yad olundu.

Oktyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Beynəlxalq Müəllimlər Günü qeyd olundu. Pandemiya qaydalarına uyğun filialın akt zalında təşkil olunan tədbir Vətən yolunda canından keçən bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Filialın fəal tələbələri tərəfindən təşkil olunan tədbir Vətən müharibəsində şücaət göstərmiş şəhid müəllimlərimizə həsr olundu.

Tədbirin aparıcısı əlamətdar günün tarixindən, Ulu Öndər Heydər Əliyevin müəllim əməyinə verdiyi dəyərdən bəhs etdi. Qeyd olundu ki, 2020-ci il Zəfər tarixini yazan igid oğul və qızlarımızı da yetişdirən müəllimlərin əməyi danılmazdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra aparılan təhsil islahatlarının kökündə məhz vətənpərvərlik, milli dəyərlərə bağlılıq dayanmışdır.

Sonra tələbələr şəhid müəllimlərimizin həyat yolundan bəhs edərək onlara həsr olunmuş şeirlər səsləndirdilər, videoçarxlar təqdim olundu.

Filialın bütün professor-müəllim heyətini təbrik edən direktor, dosent Tünzalə xanım Yusifova qürur və duyğu dolu tədbiri təşkil etdikləri üçün tələbələrə təşəkkürünü bildirdi. O bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı Tarixi Zəfərdən sonra qeyd etdiyimiz ilk Müəllimlər Günüdür və bu baxımdan da hər bir müəllim üçün önəmlidir. 30 il sonra düşmən tapdağından xilas olan torpaqlarımıza qayıdış illərdir vətənpərvər gənclik yetişdirən təhsil işçilərini hədsiz sevindirir. Artıq bu ərazilərimizdə də quruculuq işləri aparılır, tədris və mədəniyyət müəssisələri qurulur. Çıxışda tələbə gənclərin gələcəkdə məhz həmin məktəblərdə fəaliyyət göstərəcəklərinə inam ifadə olundu və müstəqillik dövründə dövlət səviyyəsində müəllim əməyinə verilən dəyərdən də danışıldı.

Tədbirdən sonra filialın bir qrup müəllim və tələbə heyəti şəhid müəllim Rauf Əliyevin ailəsini ziyarət etdi və onun timsalında bütün şəhidlərimizin xatirəsi anıldı.

Qeyd edək ki, il ərzində şəhid ailələrinə ziyarətlər davam edəcəkdir.

Paylaşın: