“ Beynəlxalq Ailə Günü” münasibətilə tədbir keçirildi
6 may 2021-ci il tarixdə Şamaxı rayon İcra Hakimiyyətinın təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş “Uşaqların şəxsiyyət kimi formalaşmasında uşaq bağçalarının rolu” mövzusunda keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban xanım Eyubova, Azərbaycan Dövlər Pedaqoji Universitetinin Şamaxı Filialının Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova, rayon Təhsil Şöbəsinin, Şamaxı şəhər Regional Kollec və Peşə təhsili məktəbinin əməkdaşları, Şamaxı rayon məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Mehriban xanım Eyubova onu da qeyd etdi ki, Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub.
“Məktəbəqədər təhsil müəssisələrinin uşağın gələcək inkişafında rolu” mövzusunda təqdimatla çıxış edən Şəlalə Seyidova, məktəbəqədər təhsilin inkişaf etdirilməsi sahəsində Azərbaycanda aparılan islahatlardan, qəbul olunan qanunlardan, həmçinin uşaq bağçalarında şəxsiyyət formalaşdırılması məqsədilə tərbiyəçiyə lazım olan bacarıqlardan, ailə ilə uşaq bağçalarının əlaqəsinin vacib məsələ olmasından danışdı. O, qeyd etdi ki, gələcək nəsillərin vətənpərvərlik ruhu, milli və ümumbəşəri dəyərlər əsasında yetişdirilməsində məktəbəqədər təhsil müəssisələrində aparılan təlim-tərbiyə işləri mühüm amil kimi çıxış edir.
Görüş digər iştirakçıların da mövzu ilə əlaqədar çıxışları ilə davam etdirildi.