18 noyabr 2022-ci ildə Sosial və pedaqoji elmlər kafedrasının əməkdaşları tərəfindən “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” mövzusunda elmi seminar keçirilmişdir. Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi b.ü..f.d. Təranə Əkbəri və müəllim Şahin Hüseynov tərəfindən təşkil olunan maarifləndirici tədbirdə tələbələr xüsusi fəallıq göstərmişlər.
Seminarda tullantıların müxtəlif kateqoriyalar üzrə təsnif olunması -bərk məişət tullantıları, təhlükəli tullantılar, yararsız tullantılar, həmçinin tullantıların idarə olunması, çeşidlənməsi və utilizasiyası haqqında ətraflı məlumat verilmişdir.
Təranə Əkbəri qeyd etmişdir ki, tullantıların idarə edilməsi sistemi onların yığılması, daşınması, təkrar emalı, utilizasiyası və bütün prosesə nəzarətdən ibarət kompleks tədbirdir. Tullantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etmək mümkündür ki, bu da, öz növbəsində, ekoloji və iqtisadi baxımdan əhəmiyyətlidir. Ən əsası isə təkrar emal təbii resurslardan istifadəni minimuma endirir. Bu cür tədbirlər tullantıların insan sağlamlığına və ətraf mühitə mənfi təsirini azaltmaq üçün vacibdir. Kafedranın müəllimi Şahin Hüseynov çıxışında bildirdi ki, böyük həcmdə müxtəlif fiziki, kimyəvi, bioloji xassələrə malik olan tullantıların ətraf mühitə atılması çox ciddi problemlər yaradır. Istehsal prosesində alınmış tullantıların yenidən emal olunub istehsala qaytarılması bir tərəfdən ətraf mühitin mühafizəsinə xidmət edirsə , digər tərəfdən təbii ehtiyatlardan səmərəli istifadə olunması üçün zəmin yaradır.
Paylaşın: