Azərbaycanın niyyəti regionda sülh və sabitliyə, iqtisadi inkişafa nail olmaqdır.
Son bir həftə mühüm siyasi, sosial-iqtisadi hadisələrlə yadda qaldı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev yenə beynəlxalq arenada Azərbaycanın maraqlarını ən yüksək səviyyədə qorudu və dünya ictimaiyyətinin düzgün informasiyalar almasını təmin etdi.
Dövlətimizin başçısı Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində iştirak etmək səfər etdiyi Belçikanın paytaxtı Brüsseldə bir sıra mühüm görüşlər keçirdi, İspaniyanın “El Pais” və İtaliyanın “İl Sole 24 Ore” qəzetlərinə müsahibələr verdi. Dünyada çox məşhur olan hər iki qəzetin müxbirlərinin suallarını Prezident cənab İlham Əliyev hərtərəfli cavablandıraraq, Ermənistanın əsirlər, ərazilər, sərhədlər, Zəngəzur dəhlizi ilə bağlı absurd iddialarını, yalanlarını ifşa etdi, bununla da beynəlxalq ictimai rəyin çaşdırılmasına hesablanmış mövzuları neytrallaşdıraraq məharətli diplomat kimi Azərbaycan həqiqətlərini dünyaya olduğu kimi çatdırdı.
İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində Prezident cənab İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səylərinin böyük əhəmiyyət kəsb edir. Regionda baş tutacaq layihələrə Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Azərbaycan isə artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsinə toxunan ölkə başçısı bildirdi ki, bu məsələ hələ də öz həllini tapmayıb. Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb.
Ölkə başçısı müsahibəsində Avropa Komissiyası tərəfindən Ermənistana və Azərbaycana ayrılan yardım paketi barədə də danışaraq Ermənistana 2,6 milyard dollar, Azərbaycana isə 140 milyon dollar ayrıldığını, yəni fərqin təqribən 20 dəfə olduğunu bildirərək bunun ədalətli bölgü olmadığını qeyd etmişdir. Vurğulamışdır ki, hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur-Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyondur. Bundan əlavə, ötən 30 il ərzində Azərbaycan işğal olunmuş əraziləri ermənilər tərəfindən tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda isə heç bir dağıntı yoxdur. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Yanaşma vahid standartlara əsaslansın. Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik. Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirməlidir. Avropa İttifaqı minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayıra bilər və onlar Azərbaycana gələrək işə başlaya bilərlər. Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır.
Prezident cənab İlham Əliyev müsahibəsində ölkəmizdə media ilə bağlı məhdudiyyətlərin və senzuranın olmadığını, Azərbaycan əhalisinin 80 faizindən çoxunun internet istifadəçisi olduğunu bildirib. Qeyd edib ki, ümumiyyətlə medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Ölkəmizdə bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır.
Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış Minsk qrupu fəaliyyəti barədə danışarkən ölkə başçısı Minsk qrupunun ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur olduğunu qeyd edib, bildirib ki, Minsk qrupu ötən il noyabrın sonunadək, Azərbaycan 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdi, lakin heç bir uğur qazana bilmədi. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma. Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu. Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi. Onların fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndən sonra tamamilə iflic oldu. Bu, o demək idi ki, danışıqların sonudur. Bir qədər sonra Ermənistan rəhbərliyi bildirdi ki, Qarabağ müstəqil ölkədir. Bu da əvvəlki bəyanatla ziddiyyət təşkil edirdi. Lakin Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi.
Dövlətimizin başçısı müxbirin regional səviyyədə cərəyan edən hadisələr fonunda Azərbaycanın təbii qaz ixracı ilə bağlı necə fəaliyyət göstərəcəyi sualını da ətraflı şəkildə cavablandırıb. Ölkə başçısı bildirib ki, Azərbaycanın təbii qaz strategiyası hər zaman çox aydın və açıq olub. Azərbaycan uzun illər ərzində Cənub Qaz Dəhlizi kimi mühüm bir layihəni həyata keçirmək üçün çox iş görüb, tərəfdaşlarla səmərəli fəaliyyət göstərib. Nəticə də uğurlu olub. Uzunluğu 3500 kilometr olan bu dəhliz Bakıdan başlayıb və Adriatik dənizinin dibi ilə, həmçinin yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatdırılıb. Azərbaycan texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı Cənub Qaz Dəhlizi layihəsinin 4 seqmentinin hər birində əsas maliyyə yükünü öz üzərinə götürüb. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl ölkəmiz artıq istehlakçılarla müqavilələr imzalayıb. Azərbaycan qazı müqavilə əsasında alınıb və qiymətlə bağlı sonradan, hətta qaz böhranı zamanı heç bir dəyişiklik edilməyib.
Prezident cənab İlham Əliyevin “İl Sole 24 Ore” qəzetinə müsahibəsi həm də Azərbaycanın iqtisadi modelinin, əldə olunan nailiyyətlərin təqdimatı baxımdan da əhəmiyyətli oldu. Dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin təqdimatında Azərbaycanın artan iqtisadi qüdrəti, iqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işləri barədə ətraflı məlumatlar əldə etdi.
Cənab Prezident müsahibədə Azərbaycanın gələcək planları barədə də fikirlərini diqqətə çatdırıb: “Qarşıdakı dövrdə hasilatı, eyni zamanda, ixracı artırmaq imkanı var. Lakin bu, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacaq. Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi. Biz Cənub Qaz Dəhlizinin Məşvərət Şurasını mütəmadi olaraq Bakıda Avropa İttifaqının nümayəndələri və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk. Növbəti sessiya gələn ilin fevralında keçiriləcək, orada biz bütün məsələlərlə məşğul olacağıq və gələcək addımlarımızı planlaşdıracağıq. Bu, şirkətlərin, bankların və ölkələrin böyük bir qrupudur. İndi komanda böyüyür, çünki biz artıq Avropanın təchizatçısı olmuşuq. Yanvarın 1-dən başlayaraq biz İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz etmişik. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq…”. Dövlətimizin başçısı, eyni zamanda, diqqətə çatdırdığı rəqəmlərin ciddi artımı ifadə etdiyini, hasilatı artırmaq üçün investisiya yatırmağın vacibliyini, bunun üçün isə, ilk növbədə, istehlakçılarla müqavilələr bağlanılmasının zəruriliyini vurğulayıb. Azərbaycanın bu məsələdə heç bir çətinliyinin olmadığını qeyd edən dövlətimizin başçısı ölkəmizdə nəhəng yataqların, yeni, müasir infrastrukturun mövcudluğunun bu planı istənilən vaxt gerçəkləşdirməyə zəmin yaratdığını bildirib. Prezident İlham Əliyev müsahibədə müxbirin qaz təchizatının şaxələndirilməsi ilə bağlı Rusiyanın mövqeyi barədə sualına cavabında isə qeyd edib ki, bu məsələ ölkələrin liderləri arasında heç vaxt yüksək səviyyədə müzakirə olunmayıb. Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb: “Bu, birincisi. İkincisi, Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik. Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik. Çünki Rusiya Avropanı yüz milyardlarla kubmetr qazla təchiz edir və Rusiya qazına tələbat artır. Azərbaycan yeni başlayıb və qeyd etdiyim kimi, bizim Avropaya təchizatımız 2023-cü ildə 11 milyard kubmetr olacaq və əgər yeni müqavilələrimiz olmasa, yeni hasilata investisiya yatırmasaq, bu, belə qala bilər. Ona görə də, bu, heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz”. Dövlətimizin başçısı müsahibədə ölkə iqtisadiyyatının indiki vəziyyətinə də toxunub: –neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub, bununla da iqtisadiyyatın strukturu balanslaşdırılıb; –ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Ölkə üçün bu, üstünlükdür. Çünki Azərbaycan dünya bazarına daxil olur, neft, təbii qaz, elektrik enerjisi, neft-kimya və neft məhsullarının ixracı ilə iqtisadiyyata böyük maliyyə vəsaiti gətirir; –qeyri-energi sənayesi 20 faiz yüksəlib; – qeyri-enerji layihələrinin ixracı 45 faiz, energetikaya aid olmayan sənayemiz 20 faiz artıb. Bu, əlamətdar nəticədir.
İtaliyanın Avropa qitəsində, dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biri, İtaliya və Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biri olduğunu qeyd edib. Ölkə başçı bildirib ki, Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. Eyni zamanda, İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərərəcəkdir. Hazırda italyan şirkətlərinin həmin ərazilərdə icra etdiyi çoxlu layihələr var. İtalyan memarları Şuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Bu, iki ölkənin dostluğunu və tərəfdaşlığını nümayiş etdirir.
Prezident cənab İlham Əliyev bu Azərbaycanın regionda böyük layihələr həyata keçirdiyini bildirərək buranın Avrasiyanın yeni nəqliyyat qovşağına çevirldiyini qeyd edib. Ölkə başçısı bildirib ki, Azərbaycanda altı beynəlxalq hava limanı var, azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaqdır. Onlardan birinin açılışı olmuşdur. ikisi də olacaq. Ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Bundan əlavə müasir magistral yollarımız vardır. Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb.
Ölkə rəhbəri İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yarandığını qeyd edib, bildirib ki, həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Bu dəhlizin işə düşməsindən isə Azərbaycanla bərabər Ermənistan, həmçinin bölgənin digər dövlətləri də xeyir əldə edəcəklər. Bunlar çox mühüm məsələlərdir, xüsusilə regionun inkişafı üçün çox önəmli və çox əhəmiyyətli olan Zəngəzur dəhlizinin açılması, reallaşdırılması baxımından mühümdür.
Azərbaycanın regionda çox böyük layihələr icra etdiyini ictimaiyyətin diqqətinə çatdıran Prezident cənab İlham Əliyev bildirib ki, Azərbaycanın niyyətinin tarixi haqq-ədaləti bərpa etməklə bərabər, regionda sülh və sabitliyə, iqtisadi inkişafa nail olmaqdır.
Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Səməngül Abdullayeva