Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsidə tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapdı. Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonar qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.

Bir il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Dinc əhali evsiz-eşiksiz qalmışdır. Lakin Müzəffər Ali Baş Komandanın göstərişi ilə həmin ərazilər bərpa olunur, yollar çəkilir, elektrik stansiyaları ilə təmin olunur. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.

44 günlük vətən müharibəsi ərzində Azərbaycana dəstək olan bir çox ölkələr olmuşdur. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. Həmçinin xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlılar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər. Vətən müharibəsi ərzində Müzəffər Ordumuz hər gün irəli gedir və qələbə qazanırdı. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Vətən müharibəsi ərzində hər gün Müzəffər Ordumuzu qələbəyə ruhlandıran Ali Baş Komandan demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi.Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı.

27 sentyabr tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Anım Gününə həsr olunmuş yürüş təşkil edilmişdir. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimində dövlətimizin başçısı iştirak etmişdir. Təməlqoyma mərasimindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Riyaziyyat və computer elmləri kafedrasının baş müəllimi Əlişah Eyyubov

 

Paylaşın: