Azərbaycanda Ordu quruculuğu və Vətən müharibəsində möhtəşəm tarixi qələbəmiz.

1918-ci il mayın 28-də Tiflis şəhərində Müsəlman Şərqdə ilk Demokratik Cümhuriyyətin yaranması və İstiqlal Bəyannaməsinin elan edilməsi xalqımızın ən böyük tarixi nailiyyəti idi Müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, iqtisadi, mədəni ən əsası isə Ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Belə ki ,1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adının dəyişdirilərək “Əlahiddə Azərbaycan Korpusu” adlandırılması və ilk nizami hərbi hissənin yaradılması ordu quruculuğu sahəsində ən mühüm addım idi. Məhz bu qərar demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında fərman verildi. 1918-ci il dekabrın 25-də Hərbi Nazirlik yaradıldı.İstedadlı general Səməd bəy Mehmandarov Hərbi nazir, Əlağa Şıxlinski isə onun müavini təyin edildi. Qısa müddətdə ordu quruculuğu sahəsində böyük uğurlar qazanıldı,bacarıqlı hərbi kadrlar hazırlandı. Müqayisə üçün qeyd etmək lazımdır ki,əgər Azərbaycan Milli Ordusu yaradılarkən 600 əsgər və zabit ordu sıralarında xidmət edirdisə, 1919-cu ildə artıq bu rəqəm 19 min nəfər idi və bu ordu Qarabağda-Əsgəranda erməni-daşnak birləşmələri üzərində ilk qələbəsini qazanmışdı. 1920- ci il aprelin 27–də Cümhuriyyətin süqutu ilə yeni yaradılmış milli ordu birləşmələri ləğv edildi.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə milli ordu quruculuğu prosesi tamamilə dayandı. İttifaq rəsmiləri azərbaycanlılara qarşı etimadsızlıq göstərərək həbi xidmətə çağırış zamanı tikinti işlərinə və mətbəxdə işləməyə cəlb edirdilər.Orduda Azərbaycanlılara qarşı yaranmış mənfi münasibət 1941 -1945-ci illər Vətən müharibəsində qismən də olsa sındı. Səbəb azərbaycanlıların müharibədə göstərdikləri qəhrəmanlıqlar oldu.Mehdi Hüseynzadə, İsrafil Məmmədov Gəray Əsədov, Ziya Bünyadov və digərləri Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər.Bütün bunlara baxmayaraq 1969–cu ilədək İttifaq hökümətinin Azərbaycana qarşı ögey münasibəti davam etdi. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanıldı.Heydər Əliyev 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözsüz ki, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına SSRİ rəhbərliyi laqeyd qala bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını ala bildi. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın artmasına, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxartdı. Təsadüfi deyildir ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan Dövlət müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğu sahəsində əsas bazalardan birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin şəxsi xidməti sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

1991–ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyinin yenidən bərpası ilə dövlətçilik tariximizdə yeni bir mərhələ başlandı.Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisi elan etsə də 1993-cü ilin ortalarınadək ordu quruculuğu sahəsində elə bir uğur qazanılmadı.1993-cü il iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı .Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı 26 iyun 1918-ci il tarixi varislik baxımından – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyevin hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi istiqamətində 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu və İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Milli Ordusu müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradır. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir;

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı Qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir;

Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərinə ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda şahid olmuşlar. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir

Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilmişdir. Qürurverici haldır ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bundan əlavə, hazırki dövrdə silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilir.Təsadüfi deyildir ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusundan biri hesab olunur. Bu ordunun apardığı 44 günlük Vətən müharibəsi isə mütəxəssislər və hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlanır və bir çox ali təhsil müəssisələrində tədris olunur.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçılıq siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Dağlıq Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi – işğala son qoyuldu . Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldə edilməsi, həm də onun hakimiyyətə gəlişindən sonra apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsidir.

Müzəffər Azərbaycan Ordusunun qəhrəman Azərbaycan oğullarının şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Müxtəlif mənbələrdən, ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən, Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi.

44 günlük Vətən müharibəsindəki qələbəmiz sübut etdi ki, Qalib xalqın hər bir övladı qəhrəmandır. Əgər müharibə zamanı Ermənistan ordusunda 10 mindən artıq fərari olmuşdusa , Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı məhz Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Vətən müharibəsində qazandığımız qələbə münasibətilə Milli Məclis “Zəfər” və “Qarabağ” ordenləri, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis etdi. Həmin medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının təzahürüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar;

Xalq-Ordu birliyi sayəsində Vətən müharibəsində qazanılmış qələbədə “Dəmir Yumruq” birliyimizin rəmzi oldu. Bu birlik vətən müharibəsində olduğu kimi daima əbədi olacaqdır.

Bəli, son 30 ilin əsas yekunu Şanlı qələbəmizdir! Torpaqlarımızın işğaldan azad olunmasıdır! 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarımızı azad etdik, düşmənə sarsıdıcı zərbələr endirdik, Ermənistanı məğlub etdik. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza ataraq təslim oldu!

Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin ”Dəmir Yumruğ”u Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış qələbə ilə Müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləməklə ərazi bütövlüyünü təmin edən Milli Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərməklə ölkədə möhtəşəm milli birliyə nail olunmuşdur .

ADPU-nun Şamaxı filialının Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədov

Paylaşın: