Pedaqogika və psixologiya kafedrasının müəllimi, Səməngül Abdullayeva

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxış edib.

Ölkə rəhbəri çıxışında bildirilib ki, müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir.

Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir. Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir. Siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində – otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir. Lakin Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra təəssüf ki, təcavüzkar separatizmə aparan bu prosesə start verildi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı.

Suverenliyimiz uğrunda döyüşdə son nöqtəni 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoyduq.

Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. İndi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər.

Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Eyni sözləri Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə olan güclü əlaqələrimizə də şamil edə bilərik. Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Artıq müxtəlif investisiya layihələri üzərində fəal işləyirik. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunu yaratmışıq. Beləliklə, bu sinerjinin yaradılması əlbəttə ki, hamımıza fayda verəcək.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi. Biz intiqam almadıq. Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz. Beləliklə dedik ki, – və mən bunu dəfələrlə demişəm, – intiqamımızı döyüş meydanında alacağıq. Normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, müharibə bitdikdən sonra, əlbəttə ki, vəziyyəti tamamilə sabit olan bir vəziyyət kimi qiymətləndirmək olmazdı. 2023-cü ilin sentyabrına qədər bu belə deyildi, itkilərimiz olurdu. Əfsuslar olsun ki, Ermənistan və onun arxasında duran bəzi xarici qüvvələr onlara çox pis məsləhətlər verirdilər. Əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik.

Biz Türkiyə ilə müttəfiqik. 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, – baxmayaraq ki, özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, – Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub.

Şəxsi təcrübəm nöqteyi-nəzərindən, – bunu dəfələrlə bölüşmüşəm, – sözsüz ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub. Prezident kimi fəaliyyətə 2003-cü ildə, Prezident Corc Buşun dövründə başlamışam və iki ölkə arasında münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək qiymətləndirirdik və ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini açıq şəkildə bəyan edirdik. Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında idi. Bu, ABŞ administrasiyasının müraciətinə əsasən olmuşdu. Əks halda, orada olmazdıq. Biz təkcə çox sayda hərbçilərimiz vasitəsilə fiziki dəstəyi deyil, həm də istər hava yolu ilə və ya yerüstü vasitələr və Xəzər dənizi vasitəsilə Əfqanıstana mühüm nəqliyyat əlaqəsini təmin etdik. Bu, Prezident Buş administrasiyası dövründə ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildi. Prezident Buşun səlahiyyət müddəti başa çatandan sonra vəziyyət ciddi şəkildə olmasa da bir qədər dəyişdi. Lakin Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik.

Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi.

Cənubi Afrika Afrika qitəsində bizim uzun illərdir səfirliyimizin olduğu az sayda ölkədən biridir. Bizim Afrikada çox səfirliyimiz yoxdur. Lakin səfirliklərin sayı artmaqdadır. Düşünürəm ki, Cənubi Afrika ilklərdən biri olub. Beləliklə, bu, bizim sizin ölkənizlə müxtəlif sahələrdə işləməyə olan böyük marağımızı nümayiş etdirir. Bəli, biz dəstəyimizə ehtiyacı olan Afrikadakı dostlarımızı hər zaman dəstəkləmişik. COVID pandemiyası zamanı biz 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərmişik, həmin ölkələrin əksəriyyəti Afrika qitəsində olub. Biz müxtəlif vasitələrlə təhsil proqramlarını, tibbi proqramları dəstəkləmişik. Biz Afrikadan olan tələbələrə təqaüdlər veririk. Biz bunu dövlət vəsaiti hesabına, QHT-lər vasitəsilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin tərkibində olan beynəlxalq yardım üzrə agentliyi vasitəsilə edirik. Beləliklə, bütün bunlar həyata keçirilir. Bəli, biz daha fəal qarşılıqlı əlaqələrin olmasını istərdik. Düşünürəm ki, Afrika liderlərinin Azərbaycana builki səfərləri bu böyük qarşılıqlı marağı nümayiş etdirir.

Qoşulmama Hərəkatında yaxşı irs qoyduq. Çünki müəyyən mərhələdə bu hərəkat bir qədər zəifləməyə başlamışdı. Beləliklə, biz yeni dinamika gətirdik. Biz uğurla yaradılmış Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdik. Beləliklə, bu, Azərbaycanın iki mühüm irsidir və biz Qoşulmama Hərəkatının institusional inkişafı və onun təşkilata potensial transformasiyası istiqamətində fəal işlədik. Bizim sədrliyimiz yekdilliklə dəstəkləndi. Biz 3 il müddətinə seçilmişdik, lakin sonra üzv dövlətlər sədrliyimizi daha bir il müddətinə uzatmağı qərara aldılar ki, bu da hərəkatın tarixində görünməmiş hadisədir. Beləliklə, yenidən yekdil qərarla Azərbaycanın sədrliyi uzadıldı. Bu onu göstərir ki, üzv dövlətlər arasında müəyyən ikitərəfli və ya çoxtərəfli anlaşılmazlıqların olmasına baxmayaraq, – hansı ki, başadüşüləndir – çünki 120 ölkə var, – Azərbaycana münasibətdə onların hamısı bizim rolumuzun qiymətləndirilməsində vahid mövqedən çıxış etmişdi.

COP zamanı biz açıq şəkildə bəyan etdik ki, əsas hədəfimiz az inkişaf etmiş ölkələri, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. Biz bunu etdik. COP-un nəticələrinə gəldikdə, – baxmayaraq ki, bilirəm məqsədi Azərbaycanın sədrliyini nüfuzdan salmaq olan bəzi qondarma ekspertlər deyirdilər ki, maliyyələşməyə nail olunmadı, – biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi. Ölkəmizdə keçirilmiş COP-da biz bunu 300-ə qaldırdıq. Beləliklə, bu, nailiyyət deyil? Əlbəttə ki, nailiyyətdir.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarını keçirdik. Bunlar bir neçə il öncə Azərbaycan və Avropa Komissiyasının himayəsi ilə irəli sürdüyümüz bizim təşəbbüs idi.

Hazırda qaz təchizatımız 12 ölkəni əhatə edir, onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Albaniyanın qazlaşdırılmasını qeyd etdiniz. Sadəcə, sizi məlumatlandırmaq istərdim ki, Albaniyanın Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycan sərmayələri sayəsində həyata keçiriləcək. Beləliklə, o, artıq razılaşdırılıb. Alban hökuməti həmin şəhəri seçdi və düşünürəm ki, bu il biz qazlaşdırmağa sərmayə yatırmağa başlayacağıq. Bu sahədə təcrübəmiz var. Biz Gürcüstanın qazlaşdırılmasına artıq böyük sərmayələr yatırmışıq, düşünürəm ki, indi orada qazlaşdırmanın səviyyəsi təxminən 80 faiz təşkil edir. Biz öz vəsaitlərimizlə başladığımız zaman həmin səviyyə 30 faiz təşkil edirdi. Hazırda Bolqarıstanda qazlaşdırma layihəsini müzakirə edirik. Əslində, həmin ölkədə qazlaşdırma var, lakin məhduddur. Bu gün Bolqarıstan öz qaz istehlakının təxminən 50 faizini Azərbaycandan təmin edir və biz digər ölkələrdə də eyni addımı atmağa hazırıq.

Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq.

1994-cü ilin mayından Ermənistanla atəşkəs olduqdan sonra müharibə heç zaman dayanmamışdır. Müxtəlif toqquşmalar olmuşdur. Daha sonra, 2016-cı ilin aprelində biz ermənilərə göstərdik ki, onlar ərazilərimizdən çıxmalıdır və biz genişmiqyaslı hərbi əməliyyatlara girmək istəmədik. Bu səbəbdən, o, cəmi üç gün çəkdi. Lakin biz onlara göstərdik ki, ərazilərimizi azad edə bilərik və kiçik də olsa azad etdik. Lakin onlar bundan dərs çıxarmadılar. Sonra isə digər bir neçə hadisə oldu. 26 il ərzində snayper müharibəsi heç zaman dayanmadı və hətta indi Ermənistan tərəfindən sərhədimizdə çoxsaylı atəşləri görə bilərsiniz və bizimkilər atəş açanda, bu, yalnız cavab atəşi olur. Ermənistan ordusunda nizam-intizam çox aşağıdır. Onlar orduda heç zaman xidmət keçməmiş şəxsləri və ya 30 il əvvəl xidmət keçmiş şəxsləri çağırırdılar. Mülki şəxslərdən ibarət yaraqlı qruplarını, veteran qruplarını yaradırdılar. Adi orduda xidmət keçməmiş şəxsləri cəlb edirdilər, çünki Ermənistanda insan ehtiyatları çatışmırdı. Bir sözlə, bütün bu suallar, əlbəttə ki, böyük mövzuya aiddir və bu haqda biz saatlarla danışa bilərik. Lakin əsas məsələ yenə də həll olunmasa, bunun nəticəsi olmayacaq.

Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq, çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur.

Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır. Biz həmin dəyərlərlə bölüşürük. Yenə də müqayisə etməmək çətindir. Üzrlü hesab edin, lakin bunu edəcəyəm. Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər Cənubu və Şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq görərik ki, onlar bir-birindən tam fərqlənir.

Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir. Xalqlarımız tarixi bağlılığı, bizim birgə keçmişimizə, – hansı ki, o dövrdə qeyri-azad və qeyri-müstəqil idik, – və müstəqillik dövrünə nəzər salsaq görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz – Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır. İki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi kimi Gürcüstanın Baş nazirinin ölkəmizə səfərini qeyd edə bilərəm. Bu, onun seçkilərdən sonra ilk xarici səfəri idi. Adətən seçkilərdən sonra ilk xarici səfərin rəmzi mənası var. Beləliklə, ilk səfər Azərbaycana edildi və tezliklə seçkilərdən sonra Gürcüstan Prezidenti də ilk xarici səfərini Azərbaycana edəcək. Beləliklə, bu iki fakt münasibətlərimizin, bizim qarşılıqlı sadiqliyimizin və dostluğumuzun aydın göstəricisidir.

Cənubi Qafqazda əlaqələr qurmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur. Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi – həmin o məşhur Minsk qrupu. Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq. Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi – bütün bunlar bizə lazım deyil. Budur bizim görmək istədiyimiz Cənubi Qafqaz. Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərində götürərək əməkdaşlıq etməlidirlər. Əlbəttə, burada Ermənistan da var və o, ancaq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər. Bu vaxt biz regionumuzda uzunmüddətli proqnozlaşdırılabilən vəziyyətdən bəhs edə bilərik.

Bizim olduqca geniş iqtisadi və nəqliyyat gündəliyimiz var. Biz Orta Dəhliz haqqında danışdıq, ancaq Azərbaycan, həmçinin digər mühüm dəhliz – Şimal-Cənub dəhlizinin tərkib hissəsidir. Bir daha qeyd edim ki, bağlantı layihələri həyata keçirilərkən Azərbaycandan yan keçməyin mümkünsüz olmasını anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayətdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu layihələrinin hamısı icra edilib. Sadəcə, yükdaşımaların həcminin artacağını nəzərə alaraq, biz hazırda dəmir yolumuzu müasirləşdiririk. Dəmir yolu xətləri mövcuddur, ancaq Cənubdan Şimala və əks istiqamətdə nəql ediləcək yükləri qəbul etmək üçün dəmir yolu genişləndirilməlidir.

Enerji infrastrukturu və elektrik xətləri ilə bağlı məsələlər həll olunub. Biz İrana elektrik enerjisi ixrac edirik. Həmçinin regionda çoxtərəfli əməkdaşlıq üzərində də çalışırıq. Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik.

Azərbaycan uzun illərdir beynəlxalq maliyyə təsisatlarından asılılığını, demək olar, sıfra endirmişdir. İlk prezidentliyim dövründə biz Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı dayandırdıq. Digər maliyyə təsisatlarına gəldikdə, biz ya portfelimizi bağlamışıq və ya buna çox yaxınıq. Bizim birbaşa xarici borcumuz, sadəcə, 5 milyard dollardır, bu isə ümumi daxili məhsulun 7 faizindən azdır. Bu, bizim maliyyə vəsaitlərinə ehtiyac duymadığımızı göstərir. Əksinə, maliyyə təsisatları müraciətlər edirlər ki, bizə kreditlər ayırsınlar. Biz hazırda bu istiqamətdə işləyirik, çünki portfelimizi tam sıfra endirmək istəmirik. Bizim əsas tərəfdaşlarımız sırasında Çinin təşəbbüsü ilə təsis edilmiş Asiya İnfrastruktur İnvestisiya Bankı yer alır. Yəni, bu baxımdan burada əlavə edə biləcəyim bir şərh yoxdur, çünki bu mövzu gündəliyimdə deyil. Bu, artıq həll olunmuş məsələdir.

Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir.Siyasət və nəqliyyat baxımından deyə bilərəm ki, biz çoxsaylı müsbət hadisələrin şahidi oluruq. Bunlar arasında Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannaməni qeyd etmək istərdim. Həmin Bəyannamə Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Biz hazırda Çin şirkətləri ilə fəal çalışırıq. Biz onları müxtəlif sahələrdə strateji tərəfdaşımız olmağa dəvət etmişik, o cümlədən yaşıl enerji sahəsində. Deyə bilərəm ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bununla yanaşı, Çin şirkətləri Günəş panelləri istehsalçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur. Biz, həmçinin Çin şirkətləri ilə yaşıl enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində də danışıqlar aparırıq.

Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər.Müdafiə sahəsində də əməkdaşlıqla bağlı dialoqa başlayırıq. Hesab edirik ki, bu, uğurlu proses ola bilər. Çünki artıq qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir. Bizim üçün də təchizatın coğrafiyasını genişləndirmək və birgə istehsal müəssisələri yaratmaq maraqlı olar.

Biz oturub gözləyə bilmərik. Biz Ermənistandan yan keçəcək marşrutu inşa etməyə dair razılığa gəldik. Qoşulmama Hərəkatında sədrliyimizə böyük məsuliyyətlə yanaşdıq. Qoşulmama Hərəkatının nisbətən yeni üzvü idik və sədr seçildiyimiz zaman 10 il idi ki, üzv dövlət idik. Bu o deməkdir ki, bizim bu təsisata qoşulmağımızla bağlı strateji qərarımız düzgün və zamanında atılmış addım idi. Bu illər ərzində biz bu təşkilatı transformasiya etmək üçün gərgin fəaliyyət göstərdik. Biz anlayırıq ki, bu, uzun prosesdir. Ancaq biz müəyyən institusional platformaların yaradılmasına nail olduq. Biz bu haqda artıq danışdıq. Bu, həmçinin bizim üçün özümüzü təqdim etmək fürsəti idi. Təəssüflər olsun ki, bir tərəfdən COVID-19 pandemiyası baş verdi, digər tərəfdən bu, bizim üçün təkcə danışmaq deyil, əməli surətdə iş görmək imkanı yaratdı. Biz olduqca məsuliyyətli davrandıq və əziyyət çəkən ölkələrə yardım etdik. Biz 10 milyon dollar həcmində birbaşa, 10 milyon dollar məbləğində isə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində yardımlar göstərdik. Yeri gəlmişkən, COVID-19 dövründə istifadə olunan məlumat bazasını biz yaratdıq və o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Bu, şaxələnmiş yardım və həmrəylik prosesi idi.

Azərbaycan dəfələrlə müxtəlif tədbirlər üçün ev sahibi ölkə seçilib və biz İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyik. İslam Dünyasının Mədəniyyət, Təhsil və Elm Təşkilatı (ICESCO) Şuşanı İslam mədəniyyətinin paytaxtı seçib və ötən ilin mayında Şuşada ICESCO-nun Baş katibi və mən bunu rəsmi şəkildə elan etmişik. Belə ki, müsəlman xalqları arasında həmrəylik baxımından bizim rolumuz yüksək qiymətləndirilir. İstər müsəlman dünyasının dini liderləri, siyasi liderlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası qardaşlarımıza göstərdiyimiz dəstəyi yüksək qiymətləndirirlər. Bununla bağlı son məqam: Düşünürəm ki, müsəlman dünyası ölkələri hər hansı bir ərəb ölkəsindəki vəziyyətlə bağlı siyasətlərini qiymətləndirərkən və ya işləyib hazırlayarkən, ilk növbədə, Ərəb Liqasının müəyyən təlimatlarına əməl etməlidirlər. Düşünürəm ki, bu, bu məsələləri necə həll etməyin, buna münasibət bildirməyin ən yaxşı yolu olacaq, çünki onlar daha yaxşı bilirlər. Ərəb Liqası bütün ərəb ölkələrini birləşdirir və bu ölkələrdəki vəziyyətlə bağlı hər bir məsələdə bu qurumun siyasəti ən azından bizim üçün bir istiqamət olmalıdır. Hamı üçün belə də olmalıdır.

Almaniya Prezidentinin Azərbaycana ilk səfərini münasibətlərimizdə mühüm mərhələ hesab edirik. Səfər özü çox uğurlu idi. Prezident Ştaynmayer və mən bir-birimizi çoxdan tanıyırıq, onun xarici işlər naziri olduğu illərdən bəri təmasdayıq, o, bir neçə dəfə buraya səfər edib. Keçən il biz Berlində görüşdük, onunla ünsiyyətdə olmaq çox xoş idi. O, çox bacarıqlı siyasətçi və böyük dövlət xadimidir. Alman xalqı onunla fəxr edə bilər. Səfərin məzmunu və formasına gəldikdə isə mətbuatda əks olunduğu kimi, hamı gördü, çox səmimi, mədəni proqramla müşayiət olunan yaxşı səfər idi. Bizim müxtəlif məsələləri müzakirə etmək üçün kifayət qədər vaxtımız oldu. Əlbəttə ki, işgüzar sahədə əməkdaşlığımızın mahiyyəti çox genişdir və biz bu səfəri, yeri gəlmişkən, Almaniya Prezidentinin Azərbaycana ilk səfərini münasibətlərimizdə mühüm mərhələ hesab edirik. Beləliklə, hər iki prezidentin Bakıdan verdiyi bütün mesajlar son dərəcə müsbət və zamanında verilən mesajlar idi. Ona görə də hesab edirəm ki, bu, həm də ölkələrimizin işgüzar dairələrinə ikitərəfli istiqamətdə daha fəal işləmək üçün yaxşı mesajdır. Həmçinin Almaniyadan, xüsusən də yeni hökumətdən Avropa İttifaqı ilə bağlı gözləntilərimiz odur ki, müstəqil siyasət yürütməkdə davam etsin. Çünki bilirsiniz, Avropa İttifaqında Azərbaycana qarşı çox pis əməllər törədən, heç bir əsası olmadan özünü lider kimi göstərən bir ölkə var. Avropanın aparıcı iqtisadiyyatı, aparıcı siyasi qüvvəsi Almaniyadır. Ona görə də ümid edirəm ki, Avropa İttifaqı oradakı ermənipərəst qrupların təsiri altına düşməyəcək.

Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bilirsiniz ki, Prezident Ersin Tatar Azərbaycanda səfərdə olub və biz beynəlxalq tədbirlərdə həmişə görüşməyə vaxt tapırıq. Azərbaycanda Şimali Kiprin mədəniyyət günlərinin keçirilməsi böyük hadisə oldu. Bildiyiniz kimi, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi. Beləliklə, bizim əlaqələrimiz davam edir. Bilirsiniz ki, vətəndaş cəmiyyətinin, Azərbaycan hökumətinin, parlamentinin nümayəndələri Şimali Kipr Türk Respublikasına tez-tez səfərlər edir, Şimali Kiprdən Azərbaycana səfərlər həyata keçirilir. Yəni, biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır.

Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur.

Paylaşın: