Sosial və xüsusi fənlər kafedrasının müdiri

biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri

2025-ci ilin 2 iyul tarixində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat, Azərbaycan və Özbəkistan arasında münasibətlərin sadəcə diplomatik səviyyədə deyil, eyni zamanda qardaşlıq və qarşılıqlı hörmət əsasında qurulduğunu bir daha nümayiş etdirdi. Xüsusilə ötən il Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə bu əlaqələrin rəsmi çərçivəyə salınmasında mühüm rol oynadı. Cənab Prezidentin vurğuladığı kimi, bu müqavilə istənilən iki ölkə arasındakı münasibətlərdə ən yüksək səviyyəli hüquqi sənəd hesab olunur və Azərbaycanla Özbəkistan arasında imzalanması, münasibətlərin dərinliyinin və strateji xarakterinin göstəricisidir.

Eyni zamanda, Prezident İlham Əliyevin Özbəkistan idmanının uğurlarına verdiyi dəyər həm dostluğun, həm də regional həmrəyliyin gözəl ifadəsidir. Özbəkistan milli futbol komandasının dünya çempionatının final mərhələsinə yüksəlməsi münasibətilə deyilən təbrik sözləri sadəcə diplomatik etiket deyil, səmimi qardaşlıq hisslərinin, idmanın xalqları yaxınlaşdırma gücünün təzahürüdür. Cənab Prezidentin qeyd etdiyi  kimi, bu uğur təsadüfi deyil, ardıcıl və məqsədyönlü dövlət siyasətinin – gənclərə diqqətin, idmana dəstəyin nəticəsidir. Bu baxımdan Özbəkistanın uğuru eyni zamanda bütün türkdilli ölkələr üçün bir qürur mənbəyidir.

Cənab Prezident çıxışında vurğuladı ki, Azərbaycan Özbəkistanın son illərdə qazandığı sürətli inkişafı, hərtərəfli islahatların uğurla həyata keçirilməsini böyük maraq və səmimi sevinc hissi ilə izləyir.

Prezident İlham Əliyevin 2 iyul 2025-ci il tarixli çıxışında səsləndirilən fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin artıq yalnız siyasi səviyyədə deyil, dərin iqtisadi inteqrasiyaya və strateji əməkdaşlığa əsaslandığını açıq şəkildə ortaya qoyur. İki ölkə arasında əməkdaşlığın bu qədər çevik, çoxşaxəli və perspektivli şəkildə qurulması sevindieici haldır və bizi gələcəyə nikbin baxmağa sövq edir.

Azərbaycanın Özbəkistanın sürətli inkişafını səmimi sevinc və maraqla izləməsi, bu münasibətlərin sadəcə rəsmi diplomatik protokol çərçivəsində deyil, insani dəyərlər, qardaşlıq və qarşılıqlı dəstək üzərində qurulduğunu göstərir. Cənab  Prezidentin də qeyd etdiyi  kimi, Özbəkistanda həyata keçirilən islahatlar və yüksələn beynəlxalq imic daxili siyasətin nəticəsi olmaqla, eyni zamanda bütün türkdilli ölkələr üçün də tərəqqi modelinə çevrilməkdədir.

Xüsusilə birgə İnvestisiya Fondunun yaradılması və artıq real layihələrlə fəaliyyətə başlaması bu tərəfdaşlığın praktik əsaslarını möhkəmləndirir. Fondun 500 milyon dollarlıq kapitalı ilə yanaşı, qarşılıqlı niyyətin daha geniş layihələrə yönəlməsi iqtisadi əməkdaşlığın miqyasının nə qədər böyük olduğuna dəlalət edir. Bu əməkdaşlığın səmimi qardaşlıq prinsipi üzərində qurulması mühüm əhəmiyyət kəsb edir.

İnvestisiya mühitinin şəffaflığı, hüquqi təminatlar və düşünülmüş islahatlar Özbəkistanı bu gün regionda ən cəlbedici bazarlardan birinə çevirib. Bu təkcə Azərbaycanın deyil, dünya maliyyə institutlarının da qənaətidir.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq isə bu münasibətlərin geostrateji ölçüsünü formalaşdırır. Orta Dəhliz layihəsinin genişləndirilməsi və Azərbaycanın bu dəhlizdə əsas tranzit ölkə kimi mövqeyini gücləndirməsi, təkcə iqtisadi deyil, həm də siyasi güc və regional təsir baxımından önəmlidir. Özbəkistanla bu sahədə koordinasiyanın gücləndirilməsi, Azərbaycan infrastrukturlarının böyük həcmli yükləri qəbul etməyə hazır olması, bizi artıq Avrasiya yük axınlarında əsas oyunçuya çevirir.

Cənab Prezident qeyd etdi ki, Azərbaycan Respublikası özbək dostlarına kənd təsərrüfatı sahəsində göstərdikləri məsləhət yardımlarına və xüsusilə pambıqçılıq və ipəkçilik kimi sahələrə sərmayə yatırmalarına görə dərin təşəkkürünü bildirir. Özbəkistan şirkətlərinin bu istiqamətdəki zəngin təcrübəsi Azərbaycan üçün olduqca dəyərlidir və gələcək əməkdaşlıq üçün möhkəm təməl yaradır.

Prezident İlham Əliyev bildirdi ki,  keçirilmiş görüşlər çərçivəsində hər iki ölkədə kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı üzrə iri layihələrin həyata keçirilməsi məsələləri xüsusi diqqət mərkəzində olub. Bu sahədə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Qarabağın bərpası ilə bağlı məsələyə toxunan Cənab Prezident vurğuladı ki, Özbəkistan bu prosesdə öncüllük nümayiş etdirən ilk ölkədir. O, minnətdarlıqla qeyd etdi ki, Prezident Şavkat Mirziyoyev Qarabağ bölgəsinin bərpasına öz təşəbbüsü ilə və dərhal yardım edən ilk dünya lideri olub. Cənab Prezident bildirdi ki, Azərbaycan ərazisində ilk tikilən sosial təhsil infrastrukturu məhz Özbəkistanın təşəbbüsü ilə inşa edilən məktəbdir. Bu məktəb böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyır və burada öz doğma torpaqlarına qayıtmış azərbaycanlı uşaqlar təhsil alırlar.

Prezident İlham Əliyev həmçinin Xankəndi şəhərində fəaliyyətə başlamış tikiş fabriki barədə də məlumat verdi və bildirdi ki, bu layihə də özbək qardaşların sərmayəsi və texnoloji dəstəyi ilə həyata keçirilmişdir. Hal-hazırda 200-dən çox insanın çalışdığı bu müəssisənin gələcəkdə genişlənəcəyi və məşğulluq imkanlarının daha da artacağı gözlənilir.

Cənab Prezident bu təşəbbüsün əhəmiyyətini xüsusi vurğulayaraq qeyd etdi ki, bu, təkcə sosial infrastrukturun yaradılması və sənaye istehsalının inkişafına dəstək deyil, həm də insanların rifahına və məşğulluğuna yönəlmiş strateji bir addımdır. Azərbaycan dövləti bu yardımı çox yüksək qiymətləndirir və buna görə qardaş Özbəkistana səmimi minnətdarlığını bildirir.

Cənab Prezident qeyd etdi ki, bu gün Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı baş tutacaq. Dövlət başçısı səfirlik binasının inşası ilə bağlı qərara görə Prezident Şavkat Mirziyoyevə  səmimi minnətdarlığını bildirdi. Cənab  Prezident qeyd etdi ki,  bu bina şəhərin strateji mərkəzində, böyük dövlətlərin səfirliklərinin cəmləşdiyi zonada, vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən ayrılmış ərazidə yerləşir. Bu fakt təkcə Özbəkistan-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini deyil, həm də tarixi kökləri olan dostluğun davamlılığını əks etdirir.

Cənab Prezident həmçinin nəzərə çatdırdı ki, Bakının ən gözəl və perspektivli hissələrindən birində – “Ağ şəhər”də “Özbəkistan” parkının yaradılması planlaşdırılır. Dövlət başçısı xatırlatdı  ki, bu layihənin təqdimatı onun ötən ilki dövlət səfəri zamanı baş tutmuşdur. Layihənin həyata keçirilməsi istiqamətində ötən müddətdə intensiv iş aparılmış, torpaq sahəsi ayrılmış, razılaşdırmalar yekunlaşmış və ərazi təmizlənmişdir. Təməli qoyulan bu park təkcə bir istirahət məkanı deyil, eyni zamanda Azərbaycan-Özbəkistan qardaşlığının simvolik nişanəsi olacaq. Prezident əminliklə bildirdi ki, park həm yerli sakinlərin, həm də turistlərin zövqlə gələcəyi bir məkana çevriləcək. O, gələcəkdə bu kimi birgə layihələrin sayının artacağına, xüsusilə Özbəkistanda turizm infrastrukturunun genişlənəcəyinə və daha geniş əməkdaşlıq imkanlarının reallaşacağına inandığını ifadə etdi.

 

 

 

 

Paylaşın: