Azərbaycan Gənclər Gününün təsis edilməsinin 25-ci ildönümü qeyd olundu.
Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə video-konfrans keçirildi.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun millət vəkili Tamam Cəfərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının rəhbərliyi və tələbələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Giriş sözü ilə konfransı açıq elan edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov gəncləri təbrik edərək ölkəmizin ictimai-siyasi həyatında gənclərin rolunun yüksək olduğunu qeyd edib, onlara cansağlığı, çalışdıqları sahələrdə müvəffəqiyyətlər arzuladı.
Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində məhz gənclərimizlə Şanlı Zəfər qazandığımızı diqqətə çatdıraraq, bu qələbə, vətənin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib, Allahdan onlara bir daha rəhmət dilədi.
Sonra çıxış edən millət vəkili Tamam Cəfərova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində ölkəmizdə görülən işlərdən danışıb, gənclərin bütün sahələrdə dəstəkləndiyini qeyd etdi.
Daha sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək ölkəmizdə, eləcə də Şamaxıda gənclərin inkişafı üçün görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumatlar verdi.
ADPU-nun Şamaxı filialı adından çıxış edən Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova gənclərin təhsil almasına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, filialda tələbə-gənclərin əsl vətəndaş və yüksək ixtisaslı kadr kimi yetişdirilməsi məqsədilə atılan addımlardan danışdı.
Sonda gəncləri maraqlandıran suallar dinlənilərək cavablandırıldı, onlara bir daha möhkəm cansağlığı, sağlam həyat və müvəffəqiyyətlər arzu olundu.