Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbə təşkilatlarının fəalları ekskursiyada oldu.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU-nun) Şamaxı filialının 30 illik yubileyi ərəfəsində növbəti tədbir Şamaxı şəhərinin bir neçə görməli yerlərinə ziyarət oldu. Belə ki, filialın tələbə təşkilatlarının fəalları qədim elm və mədəniyyət mərkəzi olan Şamaxı şəhərinə ekskursiyada oldular.
Maarifləndirici ekskursiya zamanı tələbələr ilk olaraq gənclərin hamisi olmuş Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi liderə ehtiram hisslərini ifadə etdilər.
Ümummilli liderin həyatının və çoxsahəli fəaliyyətinin nümayiş olunduğu Heydər Əliyev Mərkəzinə ziyarət tələbələrin xüsusi marağına səbəb oldu. Onlar mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyatını, fəaliyyətini əks etdirən filmə və orada əks olunmuş fotolara baxdılar. Burada dahi rəhbərin Azərbaycanın memarı olduğu bir daha vurğulandı.
Qədim tarixə malik Şamaxı Cümə məscidinə ziyarət də xüsusi marağa səbəb oldu. Məscidin xüsusi memarlıq işi kimi işlənməsi diqqət çəkdi.
Sonra tələbələr Şamaxı Diyarşünaslıq müzeyinə də ekskursiya etdilər. Muzeydə sərgilənən tarixi eksponatlar Şamaxının doğrudan da nə qədər qədim, elm və mədəniyət mərkəzi olmasını sübut edirdi. Muzey bələdçisi ilə tarixiliklə bağlı söhbətlər də yaddaqalan oldu.
Ekskursiya zamanı maraqlı anlar foto yaddaşa köçürüldü və tələbələr ekskursiyadan çox böyük təəssüratla qayıtdılar.