Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Nizami xəzinəsi” adlı ədəbi-bədii tədbir keçirildi
Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən 2021-ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında ilin əvvəlində tədbirlər planı təsdiq olunmuş və tədbirlər planına əsasən silsilə tədbirlər keçirilmişdir. İlk olaraq filialın kitabxanasında Niizami Gəncəvinin yaradıcılığını əks etdirən sərgi təşkil edilmişdir. İl ərzində filialda Nizami ilinə həsr olunmuş elmi praktik konfranslar, intellektual yarışlar və müsabiqələr keçirilmiş, Nizami məqbərəsinə ziyarət təşkil edilmişdir.
Növbəti tədbirlərdən biri filialda təşkil olunmuş Nizami Gəncəvinin “Xəmsə” poemalarının ayrı-ayrı hissələrindən ibarət “Nizami xəzinəsi” adlı ədəbi-bədii gecə oldu.
Filialın bütün professor-müəllim və tələbələ heyətinin iştirak etdiyi tədbirdə tələbələrin ifasında “Kərpickəsən qoca ilə cavanın söhbəti”, “Xosrov və Fərhadın deyişməsi”, “Yeddi Gözəlin tərifi”, “Bərdə hökmdarı Nüşabə ilə Makedoniyalı İsgəndərin görüşü” səhnələri nümayiş olundu. Həmçinin dahi şairin qəzəlləri və onun sözlərinə yazılmış “Sənsiz” romansı səsləndirildi.
Geniş və maraqlı sujet xətti, mövzulara uyğun səhnə dekorasiyası ilə “Nizami xəzinəsi” adlı bu tədbir Nizami ilinə həsr olunmuş tədbirlərin yekunu olmaqla iştirakçıların böyük marağına səbəb oldu.
Tədbirin sonunda filialın direktoru dos.Tünzalə Yusifova çıxış edərək, ölkə başçısı, cənab Prezident İlham Əliyevin 2021-ci ili Nizami ili elan etməsi, onun xalqının tarixinə, elminə, mədəniyyətinə, tarixi şəxsiyyətlərinə nə qədər önəm verdiyini bir daha göstərmiş olduğunu bildirdi.
Sonra T.Yusifova tələbə təşkilatlarına belə tarixi tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün təşəkkürünü bildirdi.
Sonda xatirə şəkilləri çəkdirildi.