Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında 2016-cı il Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş “Aprel döyüşləri: Zəfər yürüşünün ilk addımları” adlı anım tədbiri keçirildi. İlk olaraq Azərbaycan torpaqları uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova qeyd etdi ki, Aprel döyüşləri, 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə şəhid olmuş hər bir Azərbaycan vətəndaşı, hər bir əsgər, vətən uğrunda canını fəda etmiş bir qəhrəmandır. Onlar sadəcə hərbi xidmətini yerinə yetirmirdilər, onlar vətənə olan sevgisi və borcu naminə həyatlarını qurban verdilər. Aprel döyüşləri, Azərbaycan xalqının və ordusunun ərazi bütövlüyünü bərpa etmək üçün daha qətiyyətli və qərarlı olmasına yol açdı, Vətən müharibəsində Azərbaycana böyük motivasiya verdi. Cənab Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti və xalq-dövlət-ordu birliyi nəticəsində 2020-ci il Vətən müharibəsində qazanılan qələbə dünyaya səs saldı. Zəfər yürüşündə Şamaxı filialının məzunları da ön sıralarda dayandı. Biz filialın şəhid məzunlarının da xatirəsini hər zaman əziz tuturuq.
Daha sonra çıxış edənlər – Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov və fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov qeyd etdilər ki, Aprel döyüşləri zamanı şəhid olan igidlər, Vətən müharibəsinin başlanmasına ruhən böyük təsir göstərdilər. Onların xatirəsi və şəhidlərin fədakarlığı, Azərbaycan xalqı üçün daha böyük bir məqsəd uğrunda mübarizəni alovlandırdı. Sonralar Tovuz döyüşlərində əhəmiyyətli strateji mövqelər ələ keçirildi və Vətən müharibəsində isə 30 illik Vətən həsrətimizə son qoyuldu.
Tədbir mövzu ətrafında diskussiya ilə davam etdirildi.