“Ana dilində düzgün danışaq və yazaq” mövzusunda elmi seminar
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Heydər Əliyev lektoriyasında “Ana dilində düzgün danışaq və yazaq” mövzusunda elmi seminar keçirildi. Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimləri Ruqiyyə Babaşova və Səkinəxanım Xasıyeva tərəfindən təşkil olunan seminarda filialın professor-müəllim heyəti, tələbələr iştirak edirdi.
Elmi seminarı giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq, mövzunun aktuallığını xüsusi olaraq vurğuladı. O, bildirdi ki, hər zaman Azərbaycançılıq ideologiyasını təbliğ edən ulu öndər Heydər Əliyev “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur” deyərək ana dilinin rolunu yüksək qiymətləndirmişdir. Təəssüf hissi ilə qeyd olundu ki, bəzən gənclərin ədəbi dil normalarına riayət etməklə yazıb-oxumalarında müəyyən problemlər yaranır. Müşahidələr də təsdiqləyir ki, onların belə seminarlara ciddi ehtiyacı vardır.
Daha sonra Səkinəxanım Xasıyeva “Ana dilində düzgün yazmağı öyrənək və öyrədək”, Ruqiyyə Babaşova “Ana dilində düzgün danışmağı öyrənək və öyrədək” mövzularında maraqlı çıxışlar etdilər. Çıxışlar zamanı ana dilinin təmizliyi və saflığının qorunmasında müəllimlərin böyük rol oynadığı vurğulandı.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 402-ci qrup tələbələri Aygün Osmanova və Məryəm Sovudova şeir nümunələri ilə çıxış etdilər.
Disskusiya şəraitində keçən seminarda tələbələri maraqlandıran suallar da cavablandırıldı.