ADPU-nun Şamaxı Filialının əməkdaşları və tələbələri Azərbaycan Gənclər Günü münasibətilə keçirilən tədbirdə iştirak etdilər.

 

Fevralın 2-də Şamaxı Rayon Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialının əməkdaşları və tələbə heyəti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, Heydər Əliyev Mərkəzinin rəhbəri Könül Eyvazova, Şamaxı rayonu üzrə Yeni Azərbaycan Partiyasının nümayəndəliyi, Gənclər Birliyinin sədri Nuranə Məmmədova və rayonun digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

İlk olaraq Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin təşkilatçılarının bu əlamətdar gün barədə çıxışlarından sonra ADPU-nun Şamaxı Filialı adından çıxış edən Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova gəncləri təbrik etdi. Çıxışçı ölkədə aparılan gənclər siyasətinin mühüm istiqamətlərindən, 2020-ci ilin “Könüllülər ili” elan olunmasının əhəmiyyətindən bəhs etdi. O da qeyd olundu ki, Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu, Azərbaycan gəncliyi bu ili tariximizə qızıl hərflərlə yazmağa nail oldu. 44 günlük Vətən müharibəsi həm də dövlətin apardığı gənclər siyasətinin bir istiqaməti olan gənclərdə vətənpərvərlik ruhunun aşılanmasının düzgün şəkildə həyata keçirildiyinin təcəssümü oldu.

Filial üzrə YAP Gənclər Birliyinin sədri Məhərrəm Məhərrəmli “Könüllülər ili” ərzində, o cümlədən pandemiya və Vətən müharibəsi dövründə filial tələbələrinin həyata keçirdiyi və iştirakçısı olduğu tədbirlərdən, sosial şəbəkələrdə informasiya mübarizəsinə fəal şəkildə qoşulmalarından bəhs etdi. Çıxışda Vətən müharibəsində şəhid olan filial məzunlarından Elgün Əzizov və Orxan Nəbiyevin qəhrəmanlıqlarından danışıldı. Vurğulandı ki, gələcəyin qurucuları olan gənclər bütün sahələrdə dövlətin qayğısını hiss edir və odur ki, qalib ölkənin gəncləri olaraq Cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər.

 

Paylaşın: