ADPU-nun Şamaxı filialında “Xocalı – bir millətin kədəri” adlı tədbir keçirildi.

Cənab Prezident İlham Əliyevin “Xocalı soyqırımının 30-cu ildönümünün qeyd olunması haqqında” Sərəncamını əsas tutaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında da Tədbirlər Planı təsdiq olunmuşdur. Həmin planın bəndlərinə uyğun olaraq filialın kitabxanasında soyqırımın faktlarını əks etdirən guşə yaradılmış, filialın rəsmi sayt və səhifələrində məlumatlar paylaşılmış, 25 fevralda ilk dərs saatları soyqırımın tarixi faktlarına həsr olunmuşdur. Həmin gün  filialın akt zalında anım tədbiri keçirildi. Tədbirdə filialın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açdı. O, çıxışında 30 ildir xalqımızın sağalmaz yarası olan bu faciənin  tarixindən, ulu Öndər Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymət almasından bəhs etdi. Çıxışın ardınca Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Daha sonra söz  Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanova verildi. O, öz çıxışında Xocalı faciəsinin tarixi barədə faktları göstərməklə qeyd etdi ki, tarixən erməni millətçiləri Azərbaycan xalqının başına müsibətlər gətirməklə öyünmüşlər.  Çıxışçı ermənilərin inanırıq xalqımıza qarşı törətdiyi  misligörülməmiş işgəncələrdən və əliyalın xalqımızın soyuq qış günü çəkdiyi əziyyətlərdən söz açdı.

Tədbir tələbələrin çıxışları ilə davam etdi. İlk olaraq filialın tələbəsi Cəbiyeva Gülnar “Xocalı Soyqırımı gənclərin gözü ilə” mövzusunda çıxış etdi. O çıxışında filialımızın tələbə gənclərinin Xocalı soyqırımı ilə bağlı məsələlərdə aktiv olduğunu və sosial şəbəkələrdə keçirilən Xocalıya dəstək kompaniyalarında hər zaman yaxından iştirak etdiklərini vurğuladı.  Son olaraq  İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Abbasova Fidan və Riyaziyyat və informatika müəllimliyi ixtisasının I tədris ili tələbəsi  Toğrul Mənəfov “Xocalım” şeir kompozisiyasını səsləndirdilər.

Tədbirin bədii hissəsi sona çatdıqdan sonra “Xocalı- bir millətin kədəri” adlı sənədli film nümayiş olundu.

İnanırıq ki, müzəffər ordumuz zəfər qazandıqdan sonra Xocalı faciəsi qurbanlarımızın ruhları bir qədər rahatlıq tapdı. Allah bütün şəhildlərimizə rəhmət etsin!

Paylaşın: