12 dekabr-Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarix yaradan əbədiyaşar Lider” mövzusunda elmi-praktik konfrans keçirildi.
ADPU-nun Şamaxı filialında 12 dekabr-Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarix yaradan əbədiyaşar Lider” mövzusunda elmi-praktik konfrans keçirildi.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, ardınca Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Sosial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova “Tarix yazan və adı tarixə əbədi yazılan dahi şəxsiyyət” mövzusunda ətraflı məruzə ilə çıxış etdi.
Ardınca Riyaziyyat və kompüter elmləri kafedrasının dosenti Firidə Mustafayeva “Heydər Əliyev: Təhsilin inkişafında müəllimin rolu”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Səməngül Abdullayeva “Heydər Əliyevin milli təhsil sisteminin inkişafında rolu”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşiyeva “Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi status qazanmasında tarixi rolu” mövzusunda çıxış etdilər. Sonda İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Mirəliyeva Lamiyənin ifasında Elşad Baratın “Heydər ata” şeiri səsələndirildi.