Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında (ADPU) Şamaxı rayon Polis Şöbəsi ilə birgə “Narkomaniyaya Yox deyək!” adlı tədbir keçirildi.
Müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə filialın direktoru, dosent Tünzalə Yusifova rayon Polis Şöbəsinin əməkdaşlarını və digər tədbir iştirakçılarını salamlayaraq, qeyd olunan mövzuda filialda mütəmadi olaraq maarifləndirici tədbirlərin təşkil olunduğunu bildirdi. T. Yusifova qeyd etdi ki, bu gün narkomaniya dünyada narahatlıq doğuran qlobal problem kimi bəşəriyyətin qarşısında durmuşdur. Narkomaniya yalnız sağlamlığa ziyan vurmaqla qalmır, həm də mənəviyyata mənfi təsir edir, müxtəlif cinayətlərə səbəb olur. Azərbaycan müstəqillik əldə etdikdən sonra narkomaniya ilə mübarizə işləri güclənmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanun qəbul olunmuşdur. Hazırkı dövrdə də ağ ölümə qarşı mübarizə işlərinə dövlət səviyyəsində xüsusi diqqət ayrılır.
Şamaxı rayon Polis Şöbəsinin Əməliyyat İşləri üzrə rəis müavini, polis polkovnik leytenantı Səid Seyidov son dövrlər narkomaniyaya qarşı respublikada görülən işlər və onların müsbət nəticələrindən danışdı. Qeyd olundu ki, belə maarifləndirici tədbirlərin təşkili mübarizə işlərində xüsusi əhəmiyyət daşıyır.
Filialın Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə İlhamə Sultanova narkotik vasitələrin insan orqanizmində psixoloji baxımdan törətdiyi fəsadlardan bəhs etdi. O da vurğulandı ki, narkotik vasitələr bu gün gəncliyin ən qorxulu bəlasına çevrilib, ailələrin dağılmasına, həmçinin uşaqların müxtəlif xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur.
Sonra çıxışçılar tələbələrin suallarını cavablandırdı.