Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Qərbi Azərbaycana qayıdış – İrəvanda maarifçilik hərəkatının tarixi–mədəni əsasları” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə həmçinin ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmovun “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” adlı dəyərli tədqiqat əsərinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova açaraq konfrans iştirakçılarını salamlamış, tarixi yaddaşın bərpası, elm və maarifin yenidən dirçəldilməsi istiqamətində bu kimi tədbirlərin önəmini vurğulamışdır. O qeyd etmişdir ki, bu gün artıq Zəfər dövrünün yaratdığı yeni geosiyasi və mənəvi reallıqlar bizə öz tarixi coğrafiyamıza həm mənəvi, həm də elmi cəhətdən qayıtmaq fürsəti verir. Bu qayıdış yalnız fiziki deyil, maarif, mədəniyyət və elm kontekstində də düşünülməlidir.

Daha sonra professor Fərrux Rüstəmov “Qərbi Azərbaycana qayıdış – İrəvanda maarifçilik hərəkatının tarixi–mədəni əsasları” adlı geniş məruzə ilə çıxış edib. Alim, XIX əsrdə İrəvanda azərbaycanlı ziyalıların yaratdığı seminariya və gimnaziya mühiti, burada maarif ruhunda yetişən gənc nəslin cəmiyyətə töhfələri haqqında ətraflı məlumat verərək bildirib ki, bu maarifçilik irsi bu gün də bizə qayıdış üçün ideoloji bünövrə yaradır. Professor çıxışında “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” adlı yeni nəşrin məzmununa xüsusi diqqət çəkmiş, bu məktəbin yetirmələri arasında sonradan Azərbaycan mədəniyyəti, maarifi və dövlət idarəçiliyində önəmli rol oynamış şəxsiyyətlərin olduğunu vurğulamışdır. Fərrux Rüstəmov həmçinin vurğulayıb ki, Qarabağ Zəfəri ilə Azərbaycanın dövlət və xalq olaraq özünə inamı bərpa olunduğu bir dövrdə, Qərbi Azərbaycana da elmi-mədəni qayıdış artıq mənəvi reallıqdan strateji hədəfə çevrilməkdədir. O, İrəvanın yalnız tarixi torpaq deyil, zəngin maarifçilik məktəbinin beşiyi olduğunu diqqətə çatdırıb.

Konfransda ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru, filologiya elmləri doktoru, əməkdar müəllim Yaqub Babayev də çıxış edərək “Fərrux Rüstəmov və onun İrəvanla bağlı tədqiqatları” mövzusunda məruzə ilə çıxış edib. O, Fərrux müəllimin bu istiqamətdə apardığı araşdırmaların Azərbaycan elmi üçün nadir və strateji əhəmiyyət daşıdığını vurğulamışdır.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Paylaşın: