Filialda imtahanlar bir qayda olaraq saat 9:00-da başlanır və 3 akademik saat davam edir. İmtahanların müvafiq qaydalara uyğun keçirilməsi üçün hər gün auditoriyalar hazırlıq vəziyyətinə gətirilir və dəhlizlərdə tam sakitlik təmin olunur. Həmçinin imtahan prosesinin operativ və şəffaf keçirilməsi üçün imtahan rəhbərləri və nəzarətçi heyəti imtahan prosesinə cəlb olunub. İmtahanlar başa çatdıqdan sonra ayrılmış otaqda kodlaşma aparılır və imtahanlar həmin gün yoxlanaraq nəticəsi tələbələrə açıqlanır.
İmtahan sessiyasının mövcud tələblərə uyğun, o cümlədən imtahan cədvəlləri üzrə müəyyən edilmiş qaydada keçirilməsinə nəzarət etmək, imtahanlarla bağlı digər çatışmazlıqları operativ şəkildə təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə İmtahan Qərargahı yaradılıb. Qeyd edək ki, İmtahan qərərgahına bu günə qədər yazılı və ya şifahi formada heç bir şikayət daxil olmamışdır.
İmtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsindəki obyektivliyi və düzgün qiymətləndirməni təmin etmək üçün Apellyasiya Komissiyası yaradılıb. Tələbələr imtahanın nəticəsindən narazı qaldıqları halda Apellyasiya Komissiyasına ərizə ilə müraciət edir və komissiya tələbənin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin edir. Bu günə kimi apellyasiya komissiyasına 22 nəfər tələbə ərizə ilə müraciət edib. Onların imtahan vərəqlərinə yenidən baxılıb və obyektiv qəraq çıxardılıb.
Həmçinin, tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı rəylərini öyrənmək məqsədilə filialda “Rəy və təkliflər qutusu” hazırlanıb, tələbələrin öz fikirlərini bildirmələri üçün şərait yaradılıb.
Bütövlükdə filialda imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Filialda imtahanın gedişində iştirak etmək istəyən bütün valideynlər üçün hər gün “Açıq qapı” günü kimi elan olunub və onların imtahanlarda iştirakı təmin olunur. Yanvarın 22-də növbəti bir neçə valideyn imtahanlarda iştirak edərək, imtahanların gedişatını, cavab vərəqlərinin kodlaşdırılması və yoxlanılması prosesini izləyiblər.
Filialın direktoru dosent Tünzalə Yusifova valideynlərin imtahanlarda iştirak etmək istəyini yüksək qiymətləndirib və onları imtahan prosesi ilə yaxından tanış edib. İmtahanları izləyən valideynlər prosesin təşkili və gedişatından çox razı qaldıqlarını bildiriblər. Onlar imtahan prosesində obyektivlik və şəffaflığın tam təmin olunduğunu vurğulayıblar. Valideynlər imtahan prosesi ilə bağlı fikirlərini filialın rəy və təkliflər kitabında da qeyd ediblər. Qeyd olunub ki, imtahan nəticələrinin vaxtında bəlli olması tələbələrin növbəti imtahan üçün psixoloji cəhətdən hazırlığına şərait yaradır. Bu da öz növbəsində uğurların davamına təminat verir.
Valideynlərin Rəy və təkliflər kitabında yazdıqları rəylər:
Mənim qızım ADPU-nun Şamaxı filialında təhsil alır. Mən filialda imtahanların gedişatından çox razı qaldım. (İntiqam Salmanov)
Mənim evladım filialın Tarxi və coğrafiya ixtisasında təhsil alır. İmtahanlarda iştirak etdim və razı qaldım. (Abdullayev Novruz)