Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Şamaxı rayon Polis Şöbəsi ilə birgə “Narkomaniya və erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdən əvvəl Quba Soyqırımı Memorial Kompleksinin layihəsi çərçivəsində filialda təşkil olunan “Mədəni irsimiz: Dünən və bu gün” adlı sərgiyə baxış keçirildi.
Müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək, bu cür maarifləndirici tədbirlərin əhəmiyyətinə toxundu və qeyd etdi ki, bu kimi tədbirlər cəmiyyətin müxtəlif problemləri haqqında məlumatlılığı artırmaq məqsədini güdür və filialda mütəmadi olaraq belə tədbirlər təşkil olunur. Tünzalə Yusifova narkomaniyanın yalnız fiziki sağlamlığa zərər verməklə kifayətlənmədiyini, həm də mənəviyyata ciddi təsirlər etdiyini və bu bəlanın müxtəlif cinayət hadisələrinə səbəb olduğunu bildirdi. O, müstəqillik əldə etdikdən sonra narkomaniya ilə mübarizənin gücləndirildiyini və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 1999-cu ildə qəbul olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanunun bu mübarizəyə olan töhfəsini qeyd etdi. Hazırda isə dövlət səviyyəsində narkomaniya ilə mübarizəyə xüsusi diqqət yetirildiyini əlavə etdi.
Şamaxı rayon Polis Şöbəsinin Əməliyyat İşləri üzrə rəis müavini, polis polkovnik leytenantı Səid Seyidov, narkomaniya ilə mübarizə istiqamətində son dövrlər əldə olunan nəticələrdən bəhs etdi. O, qeyd etdi ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və istifadəsi cəmiyyətin əsas problemlərindən birinə çevrilmişdir. Bu, yalnız bir şəxsin deyil, bütövlükdə cəmiyyətin sağlamlığına və təhlükəsizliyinə ciddi təhdid yaradır. Səid Seyidov narkomaniya ilə mübarizənin yalnız hüquqi tədbirlərlə yekunlaşmadığını, eyni zamanda bu məsələnin gənclərlə aparılacaq genişmiqyaslı maarifləndirmə işləri ilə də həll ediləcəyini vurğuladı. Daha sonra S.Seyidov erkən nikahların qarşısının alınması istiqamətində dövlətin gördüyü işlər və hüquqi çərçivələr barədə danışaraq, ailə quruluşunun təməlinin sağlam olması üçün erkən nikahların qarşısının alınmasının vacibliyini qeyd etdi.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif Şirəliyev çıxışında sağlam həyat tərzinin təbliği sahəsində görülən işlərin vacibliyini xüsusi vurğuladı. O qeyd etdi ki, sağlam cəmiyyətin formalaşması birbaşa olaraq vətəndaşların, xüsusilə də gənclərin sağlam həyat tərzinə yönəlməsi ilə bağlıdır. Asif Şirəliyev bildirdi ki, bu gün Azərbaycan dövləti gənclərin sağlam böyüməsi və potensiallarının düzgün istiqamətə yönəldilməsi üçün hərtərəfli şərait yaradır, idman və sağlamlıq infrastrukturu ildən-ilə inkişaf etdirilir, eyni zamanda, narkomaniya, erkən nikah, zorakılıq kimi sosial problemlərlə mübarizədə maarifləndirmə mühüm rol oynayır.
Filialın Sosial və xüsusi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri, narkotik vasitələrin insan orqanizmində fiziki və psixoloji fəsadlar yaratmasından bəhs etdi. O, narkotik maddələrin gənclər üçün ən böyük təhlükəyə çevrildiyini, bunun ailə problemlərinə, o cümlədən dağılmasına və uşaqların müxtəlif xəstəliklərlə dünyaya gəlməsinə səbəb olduğunu vurğuladı. Təranə Əkbəri həmçinin erkən nikahların ailə quruluşunda yarada biləcəyi sosial və psixoloji fəsadları da açıqladı və erkən yaşda edilən nikahların həm fiziki, həm də psixoloji baxımdan gənc cütlüklər üçün ciddi risklər yaratdığını, xalqın genefonduna vurduğu zərbələri qeyd etdi.
Tədbir tələbələrin suallarını cavablandırmaqla davam etdi və bu cür problemlərin həlli istiqamətində müxtəlif təkliflər irəli sürüldü.