Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında I tədris ili tələbələri ilə görüş keçirildi. Tədbirdə filialın rəhbərliyi, ixtisaslar üzrə tyutorlar və tələbə təşkilatlarının idarə heyəti üzvləri iştirak edirdilər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Filialın direktoru, dosent Tünzalə Yusifova tələbələri ali təhsil pilləsinə qədəm qoymaları münasibətilə təbrik edərək onlara təhsil həyatında uğurlar arzu etdi. Qeyd olundu ki, bu gün Azərbaycan gəncliyi güclü, azad və qalib ölkənin vətəndaşları kimi təhsil alır, ixtisaslı kadr kimi yetişir və çiçəklənən Azərbaycan naminə səylə çalışırlar. Gənclərimiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə əsl mübarizə nümayiş etdirirlər. Xatırlandı ki, biz sülhsevər xalqıq. Lakin əsrlərdir düşmən mövqe tutan, torpaqlarımızı işğal edən mənfur qonşularımızın 2020-ci ilin sentyabr ayının 27-də əl atdığı növbəti və nisbətən geniş miqyaslı təxribatı zamanı son sözün danışıqlar masasında deyil cəbhədə keçərli olmasını göstərdi. Nəticədə müasir Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Bu gün Azərbaycan xalqı dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır. Son günlər düşmənin törətdiyi ixtişaşlar isə göstərir ki, mübarizə davam edir, eyni zamanda “Dəmir yumruq yerindədir!”.
Daha sonra Sosial və humanitar məsələlər üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova filialın ayrı-ayrı strukturları, şəffaf və obyektiv mühitdə həyata keçirilən dərs prosesi, filialın maddi-texniki-tədris bazası və daxili nizam-intizam qaydalarından bəhs edən təqdimatla çıxış etdi.
Filialda fəaliyyət göstərən tələbə təşkilatları barədə məlumat verildikdən sonra yaranan suallar cavabalandırdı.
