Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Həmrəylik işığında Azərbaycan” mövzusunda tədbir keçirildi.

İlk olaraq xalqımızın həmrəyliyi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik Gününə həsr olunmuş videoçarx nümayiş olundu.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən  müharibəsində  qazandığımız  Zəfər həmrəyliyimizin, xal-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. Bugün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.

Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!

Ardınca Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi, f.ü.f.d. Şasəddin Mikayılov – “Birlik və həmrəylik Azərbaycan xalqının həyat tərzidir” mövzusunda ətraflı məruzə ilə çıxış etdi. O, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlını bir araya gətirmək, onlar arasında qırılmaz əlaqələr yaratmaq, ən əsası Vətənə bağlılıq hisslərini daha da gücləndirmək istiqamətindəki mühüm rolundan ətraflı bəhs edib.

Daha sonra  çıxışlar dinlənildi. Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov – “Həmrəyliyin Azərbaycan modeli”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının baş müəllimi Vəsilə Razımi – “Ləzgilər: adətlər və dəyərlər”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Yeganə Məlikova – “Gənclik yaşının psixoloji xüsusiyyətləri və onlarda milli həmrəyliyin təşəkkülü” mövzularında çıxış etdilər.

 

Paylaşın: