Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında 2 Fevral Gənclər Günü münasibətilə “Gələcəyin zəmanəti olan gənclik” mövzusunda tədbir keçirilib.
Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək gələcəyimizin qurucusu olan gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib. Qeyd edib ki, bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olmasının vacib amildir. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Təsadüfi deyil ki, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Çıxışda o da vurğulanıb ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Eyni zamanda gənclər müxtəlif təşkilatlarda könüllü kimi fəaliyyət göstərərək həm təcrübə qazanır, həm də hərtərəfli inkişaf edirlər.
Son olaraq qeyd edib ki, dövlətin təhsil müəssisələrinin qarşısına qoyduğu öhdəliklərin ADPU-nun Şamaxı Filialı tərəfindən də uğurla həyata keçirilməsinin nəticəsdiir ki, filialın tələbələri filial, rayon və respublika səviyyəli tədbirlərdə hər zaman fəal iştirak edirək uğurlar qazanırlar.
Ardınca tələbələrin çıxışları dinlənildi. Tarix müəllimliyi ixtisasının I tədris ili tələbəsi Nihat Hümbətlinin- “Gənclər Gününün tarixi və onun cəmiyyətdə rolu”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Mirzəyeva Nurənənin- “Heydər Əliyev və gənclik: Milli dəyərlərdən gəncliyə” mövzusunda çıxışları dinlənildi və Fizika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Elnur Dəmirovun ifasında “Ulu bir sərkərdə, Ulu bir Öndər” şeiri səsləndirildi.
Son olaraq Tələbə təşkilatları daxilində uğurlu fəaliyyətinə görə fərqlənən tələbələr Tünzalə Yusifova tərəfindən “Təşəkkürnamə” ilə təltif olundu. Bu münasibətlə Tünzalə xanım tələbə gənclərimizi səmimi qəlbdən təbrik edərək daha böyük uğurlar və nailiyyətlər arzu etdi.
Bütün tələbələrimizi əlamətdar gün münasibətilə təbrik edir və uğurlarının davamlı olmasını diləyirik.