Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında ali təhsil müəssisələrinin müəllimləri ilə “Fənn təlim nəticələrinin elmi əsasları və pedaqoji təcrübədə tətbiqi” mövzusunda elmi-praktik seminar keçirilib.
Şamaxı filialının rəhbərliyi və filialın professor-müəllim heyətinin iştirak etdiyi seminarı ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov aparmışdır.
Professor Fərrux Rüstəmov konkret sənədlər əsasında çıxış edərək qeyd edib ki, müasir ali pedaqoji təhsildə fənn təlim nəticələri yalnız proqram komponenti deyil, həm də təlimin fəlsəfəsi, strateji məqsədi və fəaliyyət vektoru kimi dəyərləndirilməlidir. Təlim nəticələri müəllimin dərsə yanaşmasını, dəyərləndirmə üsulunu və tələbənin peşə səriştəliliyini birbaşa müəyyənləşdirir.
Seminarda əsas istiqamətlər kimi fənn təlim nəticələrinin məzmunu, strukturu və taksonomik quruluşu, təlim nəticələrinin real həyatla və peşə bacarıqları ilə əlaqələndirilməsi, müasir müəllim hazırlığında nəticəyönümlü yanaşmanın əhəmiyyəti vurğulanmışdır. Seminar zamanı Fərrux müəllim fənn təlim nəticələrinin beynəlxalq təhsil sistemlərində necə tətbiq edildiyi, bu modellərin Azərbaycan ali pedaqoji təhsilinə necə inteqrasiya oluna biləcəyi barədə geniş təhlil təqdim edib.
Seminarda iştirak edən müəllimlər fənn təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi ilə bağlı praktiki nümunələr üzərində fikir mübadiləsi aparıblar. Tədbir, elmi əsaslı, praktik yönümlü və qarşılıqlı interaktiv şəkildə keçib.
Tədbirin sonunda Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova professor Fərrux Rüstəmova təşəkkür edərək qeyd edib ki, bu kimi tədbirlər müasir pedaqoji yanaşmaların yayılmasına, müəllim heyətinin elmi-metodik təkmilləşməsinə mühüm töhfə verir.