ADPU-nun Şamaxı Filialında COVİD-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş tədbir keçirildi.

 

ADPU-nun Şamaxı Filialının Sosial və pedaqoji elmlər kafedrasının təşkilatçılığı ilə “Pandemiya dövründə sağlamlıq və vətəndaş məsuliyyəti” mövzusunda tədbir keçirildi. Kafedranın baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbərinin təlimçiliyi ilə keçirilən tədbirdə filialın bir qrup tələbə və müəllimləri iştirak etdi.

Təranə Əkbəri hazırlanan təqdimat vasitəsilə əyani şəkildə COVİD-19 virusunun növləri, yayılma yolları, yoluxduğu orqanizmdə törətdiyi fəsadlar, mövcud digər xəstəlikləri daha da kəskinləşdirməsi barədə geniş məlumat verdi. Çıxışda qeyd olundu ki, bu virusdan qorunmaq ilk növbədə şəxsi gigiyena qaydalarına riayət etməkdən, fərdi qoruyucu vasitələrdən düzgün istifadə etməkdən, sağlamlığımızda cüzi dəyişiklik hiss edən zaman həkim müayinəsindən keçməkdən başlayır. Digər tərəfdən vətəndaş məsuliyyəti ilə həm özümüzü, həm də yaxınlarımızı sosial məsafə saxlayaraq qorumalıyıq. Bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan vətəndaşlar adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər. Pandemiya dövründə aylarla ailələrindən uzaqda fədakarcasına vətəndaşların sağlamlığının qayğısına qalan tibb işçilərimizə xüsusi minnətdarlıq ifadə olundu.

Tələbələr adından çıxış edən III kurs tələbəsi Günay Nuriyeva pandemiya dövründə tədris prosesinin fasiləsizliyini təmin edən ADPU-nun Şamaxı Filialının rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürünü bildirdi. Çıxışçı təqdimatda qeyd olunan məsələlərin tələbə-gənclər tərəfindən diqqət edilməsinin vacibliyini dilə gətirdi. Həmçinin bu dövrdə tələbələrin onlayn şəkildə virusdan qorunmağın yolları, sosial məsafənin qorunması ilə bağlı paylaşımlar etdiklərini, sosial aksiyalara qoşularaq risk qrupuna aid olan vətəndaşlara könüllü olaraq dəstək göstərdiklərini vurğuladı.

Paylaşın: