ADPU-nun Şamaxı filialında birinci tədris ili tələbələri ilə görüş keçirildi. 

29 sentyabrda bütün ali təhsil müəssisələrində olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU) Şamaxı filialında da yeni tədris ili ilk dərs saatlarının Zəfər tarixinə həsr olunması ilə başlandı.

Onlayn tədris prosesindən sonra doğma təhsil ocağının auditoriyalarına qayıtmaq tələbələri hədsiz sevindirirdi. Xüsusilə I tədris ili tələbələrinin tələbəlik həyatına atdıqları ilk addımlarda onların sevincinə şərik olmaq üçün filial rəhbərliyi valideynlərlə filialın həyətyanı sahəsində, tələbələrlə isə pandemiya qaydalarına riayət olunmaqla akt zalında görüş keçirdi.

Görüşlərdə filialın direktoru, dosent Tünzalə Yusifova artıq Zəfər çalmış ölkənin tələbələri olaraq ali təhsilə qədəm qoyan bütün tələbəri təbrik etdi. Qeyd olundu ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili, qürur ili kimi daxil oldu. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan ordusu “Qarabağ Azərbaycandır!” devizini bütün dünyaya sübut etdi. Təbii ki, müharibə istəməyən, lakin buna məcbur edilən bir ölkə kimi itkilərimiz də oldu. Bütün şəhidlərimizin əziz xatirəsi anıldı.

Akt zalında keçirilən görüşdə bütün struktur bölmələrinin fəaliyyətini, tədris prosesini, daxili nizam-intizam qaydalarını, tələbə təşkilatlarının fəaliyyətlərini əks etdirən oriyentasiya təqdimatı keçirildi.

Əminliklə qeyd olundu ki, ADPU-nun Şamaxı filialında hər bir tələbə günün tələbələrinə uyğun şəffaf və obyektiv tədris mühiti ilə əhatə olunur.

Qeyd edək ki, 18 yaşı tamam olmuş tələbələr tamamilə Covid-19 əleyhinə peyvənd olunublar (tibbi əksgöstərişlər istisna olmaqla) və filialda pandemiya əleyhinə bütün qaydalar gözlənilir. Belə ki, əyani şəkildə başlanan dərslərdə tələbə sıxlığının qarşısını almaq məqsədilə bir neçə giriş-çıxış qapılarından istifadə olunur. Binaya daxil olan hər kəsin hərarəti ölçülür, vaksin və ya immun pasportları yoxlanılır. Auditoriyalarda, dəhlizlərdə, o cümlədən yeməkxanada  sosial məsafə gözlənilir, sanitar-gigiyenik qaydalara riayət olunur və tez-tez dezinfeksiya işləri aparılır.

Paylaşın: