24 iyun 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Konstitusiya və Suverenlik ili” çərçivəsində Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın qalib ordusu” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçılarına təqdim olunan videoçarxda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan ordusunun formalaşması və inkişafı istiqamətində apardıqları məqsədyönlü siyasət geniş şəkildə əks olunub. Videoçarxda həmçinin Azərbaycan Ordusunun keçdiyi şərəfli yol, Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə və əsgər-qazilərimizin qəhrəmanlığı vizual materiallarla təqdim edilib.
Filialın direktoru, dosent Tünzalə Yusifova tədbiri giriş sözü ilə açaraq, ölkəmizin ordu quruculuğu sahəsində əldə etdiyi uğurlardan, güclü və müasir silahlı qüvvələrin formalaşmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. O vurğulayıb ki, ordumuzun qazandığı zəfər təkcə hərbi uğur deyil, xalqımızın birliyinin və gücünün təntənəsidir.
Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı “Zəfərə aparan ordu – qürur mənbəyimizdir” mövzusunda məruzəsində ordumuzun keçdiyi inkişaf yolunu təhlil edərək, 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi iradə və gücün arxasında məqsədyönlü dövlət siyasətinin dayandığını qeyd edib.
Kafedranın müəllimi Şahin Hüseynov “Qələbəyə aparan güc – ordumuzun silahları” mövzusunda çıxışında müasir hərbi texnologiyaların və hərbi sənaye kompleksinin inkişafının ordumuzun döyüş qabiliyyətinə verdiyi töhfələrdən danışıb.
Tədbirin bədii hissəsində Məktəbəqədər təhsil ixtisasının I kurs tələbəsi Jalə Orucəliyeva Nəriman Mehdixanlının “Azərbaycan əsgəri” şeirini böyük coşqu ilə səsləndirib.
Tədbir mövzu ətrafında diskussiya ilə davam edib. Çıxış edənlər Azərbaycan Ordusunun gücünün və zəfərinin ölkəmizin müstəqilliyinin və suverenliyinin təminatçısı olduğunu xüsusi vurğulayıblar.