Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Həyatın melodiyası – Qadın” adlı bayram tədbiri keçirildi.
Filialın tələbələrinin hazırladığı videoçarxın nümayiş olunması ilə tədbir açıq elan olunub. İlk olaraq başda filialın direktoru, dosent Tünzalə Yusifova olmaqla bütün professor-müəllim heyəti və tədris-köməkçi heyətindəki qadınları bu əlamətdar gün münasibətilə təbrik etdilər. Ardınca tələbələrimizin təqdimatında bir-birindən maraqlı çıxışlar, ifalar, şeirlər səsləndirildi.
Tünzalə Yusifova da öz növbəsində filialın bütün xanımlarını bayram münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara qadın xoşbəxtliyi, ailə səadəti və gələcək işlərində uğurlar arzuladı. Bildirdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək onlara daim böyük diqqət və qayğı göstərmişdir. Ulu öndər bütün fəaliyyət sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli inkişafına geniş imkanlar yaratdı. Bu gün həmin siyasətin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Ölkəmizdə mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyi var. Onlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və cəmiyyətdə fəal mövqe tutmaları yüksək qiymətləndirilir. Bu gün Azərbaycan qadınının ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etməyini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində aydın şəkildə görürük. Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını gözəl ana olmaqla bərabər, həm də fəal ictimai xadim ola bilər. Bu səbəbdən də respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir.