ADPU-nun Şamaxı filialında 27 sentyabr Anım Gününə həsr olunmuş “Zəfərə gedən yolun başlanğıcı” adlı tədbir keçirildi.

Tədbirdən öncə filialın rəhbərliyi və kollektivi Şamaxı şəhərində yerləşən şəhidlər xiyabanını ziyarət etdi.

Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, şəhid ailələri, professor-müəllim heyəti və tələbələr iştirak edirdi.

İlk olaraq Ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi  bir dəqiqəlik sükutla yad olundu və  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca 27 sentyabr Anım Gününə həsr olunmuş videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq qeyd etdi ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün düşünmədən canından keçən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan şəhidlərimiz bizim qürur mənbəyimizdir.

Ardınca çıxışlar dinlənildi. Sosial və xüsusi fənlər kafedrasının müəllimi dos. Mayıl Alıcanov “Zəfərə gedən yolun başlanğıcı”, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “44 günlük vətən müharibəsi şanlı tariximizdir”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Hüseynova “Zəfər tariximiz incəsənətdə”. Pedaqogika və psixologiya kafedrasının müəllimi Əsmər Əliyeva “Zəfər tariximizin vətənpərpərlik tərbiyəsində rolu” mövzusunda  ətraflı çıxış etdilər. Daha sonra şəhid valideynləri – şəhid məzunumuz, leytenant Orxan Nəbiyevin atası Rza Nəbiyev, şəhid Ziyad Zərbalıyevin anası Pakizə Zərbalıyeva və şəhid Zahir Manafovun atası Zakir Manafov çıxış edərək öz ürək sözlərini bölüşdülər.

Sonda tədbir bədii hissə ilə davam etdi. Tələbələrimizin ifasında şeir kompozisiyası səsləndirildi

Tədbirdən sonra filialın həyətyanı sahəsində şəhid məzunlarımıza həsr olunmuş abidə ziyarət olunub və önünə tər güllər düzülüb.

Allah Şəhidlərimizə rəhmət eləsin!

 

 

 

Paylaşın: