Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyinin qeyd olunması məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Əhməd Cavad dühası” adlı tədbir keçirildi.
Sözləri Əhməd Cavada məxsus olan Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə “İstiqlaliyyət şəhidi Əhməd Cavad” timsalında Azərbaycan uğrunda şəhid olan bütün həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.
Diskusiya şəklində keçirilən tədbirdə Tələbə Gənclər Təşkilatının üzvlərinin “İstiqlaliyyət şairinin həyat və yaradıcılığı”, “Şükriyyə xanımla tanışlıq və evlilik”, “Şairin yaradıcılığında maarifçilik, milli istiqlal və vətənpərvərlik”, “Turançılıq və türkçülük məfkurəsi”, “AXC-nin süqutundan sonra Əhməd Cavad yaradıcılığı”, “Represiya dövrü” kimi mövzulara yer verildi. Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razımi, Dil- ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Hüseynova çıxışlarında qeyd etdilər ki, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. O, daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet rejiminin qurbanına çevrilmişdir.
Tələbələrin mövzulara uyğun olaraq səsləndirdiyi şeirlər, “Çırpınırdı Qara dəniz” və “Yaşa Azərbaycan” mahnılarını, o cümlədən ingilis dilində çıxışları səsləndirmələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Filialın direktoru, dosent Tünzalə Yusifova çıxışında qeyd etdi ki, tədbir böyük Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təşkil edilib. Qeyd olunan sərəncam dövlət səviyyəsində tariximizə, ədəbiyyatımıza göstərilən diqqət və qayğını bir daha sübut edir. Həmçinin qeyd olundu ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Tünzalə Yusifova Azərbaycan gəncliyinin, o cümlədən filial tələbələrinin tariximizə və ədəbiyyatımıza, tarixi şəxsiyyətlərin həyat və yaradıcılığını araşdırmağa olan maraqlarını yüksək dəyərləndirib.