Yanvarın 10-da Bakı şəhəri, Xətai rayonu, A. Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun filiallarının Vətən müharibəsində Şəhid olan tələbə və məzunlarınının xatirəsinə həsr olunmuş “Tarix Yazan Vətən Oğulları” adlı telekörpü baş tutub. Tədbir Zoom platforması üzərindən gerçəkləşdirilib.

Telekörpünün layihə rəhbəri 95 nömrəli məktəbin direktoru Elçin Abdullayev, təşkilatçıları isə direktor müavini Vüsalə Məmmədova, sinif müəllimi Zümrüd Hüseynova və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçısı Fidan İsmayılovadır.

Tədbirdə ADPU-nun Sosial və Humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütәxәssisi Cavid Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, idarənin ümumi təhsil sektorunun müdiri Fuad Babayev, ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova, filialın direktor müavini Şəlalə Seyidova, filialın dekanı Qahirə Şahbazova, ADPU-nun Ağcabədi filialının direktor müavini Seymur Süleymanov və ADPU-nun tələbə və məzunlarından Vətən müharibəsində Şəhid olanlardan Ağaqardaş Abbasov, həmçinin ADPU-nun Şamaxı filialının məzun olmuş  şəhidlər  Elgün Əzizov və Orxan Nəbiyevin ailə üzvləri və qazilər iştirak edib. Fəxri qonaqlar arasında xalq artisti Azad Şükürov, şair Baba Vəziroğlu və telejurnalist Telli Pənahqızı da yer almışdır.

Tədbir Azərbaycan Respublikasının dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tələbə və məktəblilərin şəhidlərə həsr olunmuş bədii kompozisiyasının təqdimatından sonra çıxışlara yer verilmişdir.

Filialın direktoru, dosent Tünzalə Yusifova Zəfər yürüşünün tarixi rolundan bəhs edərək müharibə günlərində dövlət, xalq və ordu birliyinin əhəmiyyətini, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısını xüsusi vurğulamışdır.

Şamaxı filialının məzunu Nicat Məmmədov vətən müharibəsi iştirakçısı kimi çıxış edərək Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyindən və vətənpərvərlikdən bəhs etmişdir.

Şamaxı filialının məzunu, şəhid Elgün Əzizovun bacısı Ağca Əzizovanın qürur dolu çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşatmışdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş bütün həmvətənlərimizə Allah rəhmət eləsin!

Paylaşın: