ADPU-da keçirilən “Zəfərnamə” adlı şeir müsabiqəsi
ADPU-nun Şamaxı filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının 2-ci tədris ili tələbəsi Mehdiyev Rəsul müəllifi olduğu “Biz öz doğma yurdumuza qayıdırıq” şeiri ilə ADPU-da keçirilən “Zəfərnamə” adlı şeir müsabiqəsində qalib olub. Şair ruhlu tələbəmizi təbrik edir və şeiri sizlərə təqdim edirik.
Biz, öz doğma yurdumuza qayıdırıq!
Neçə illik həsrətləri boğub, bu gün
Biz, öz doğma yurdumuza qayıdırıq!
Dərdi-səri ürəklərdən atıb bütün
Biz, öz doğma yurdumuza qayıdırıq!
Həsrətimiz dağdan enib, bağa gəldi,
Yeməyimiz dadsız idi, dada gəldi,
Xarıbülbül boy atmırdı, boya gəldi,
Biz, öz doğma yurdumuza qayıdırıq!
Əlim daha rahat çatır, Şuşam, sənə,
Qurban olum, yurdum, elim, obam sənə,
Düşünürdün yəqin daha yadam sənə
Biz, öz doğma yurdumuza qayıdırıq!
Ağlamayaq, üz-gözümüz hər an gülsün
Elan edin, bunu bütün cahan bilsin,
Xocavəndin, Kəlbəcərin, Şuşan bilsin
Biz, öz doğma yurdumuza qayıdırıq!
Polad kimi əyilmədik, möhkəm durduq,
“Vətən yaxşıdır” söyləyib, dastan qurduq,
Dağlarında dumanlara heyran olduq,
Biz, öz doğma yurdumuza qayıdırıq!
Müəllif: Rəsul Mehdi