500-dən yuxarı bal toplayaraq ADPU-nun Şamaxı filialına qəbul olmuş tələbələrlə görüş
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı fəaliyyətdə olduğu 30 il ərzində böyük inkişaf yolu keçmişdir. Bunu kadr potensialının gücləndirilməsində, tədris prosesinin müasir tələblərə uyğun qurulmasında, həmçinin hər il yüksək bal toplayaraq filialı seçən abituriyentlərin say çoxluğunda hiss etmək olar. Qeyd edək ki, ADPU-nun Şamaxı filialını seçən hər bir gənc burada yüksək tədris prosesi ilə yanaşı həqiqi qayğı ilə əhatələnəcəyini bilir. Belə ki, mütəmadi olaraq filialda tələbələrlə görüşlər keçirilir, rəy və təkliflər dinlənilir, yaranan problemlər vaxtında həllini tapır.
Qeyd olunan görüşlərdən biri – 26 noyabrda 500-dən yuxarı bal toplayaraq filialı seçən və hazırda da yüksək nailiyyətlərlə təhsilini davam etdirən tələbələrlə keçirildi.
Belə bir görüşdən məmnunluq hissi keçirdiyini bildirən filialın direktoru, dosent Tünzalə Yusifova yüksək ballı tələbələrimizin MİQ imtahanlarında, gələcək pedaqoji fəaliyyətlərində də uğur qazanacaqlarına əminliyini ifadə etdi. Qeyd olundu ki, filialda fasiləsiz təhsil sisteminin tələbələrinə uyğun qurulan tədrisin məqsədi ixtisaslı kadrlar yetişdirməklə yanaşı həm də tələbələri magirstratura və doktorantura səviyyələrinə hazırlamaqdır. Görüşdə iştirak edən tələbələrin Tələbə Elmi Cəmiyyətinin tədbirlərində fəal şəkildə iştirak etmələri də bu baxımdan təqdirəlayiqdir.
Tələbələr də öz növbələrində ADPU-nun Şamaxı filialında təhsil almalarından qürur duyduqlarından, filialın tədris və sosial həyatının müasir tələblərə uyğun qurulmasından, ideal ola biləcək müəllim heyətinin fəaliyyətinə verdikləri dəyərdən bəhs etdilər. Sonda filial rəhbərliyinə səmimi təşəkkürlərini bildirən tələbələr gələcək fəaliyyətləri zamanı da ADPU-nun Şamaxı filialını qürurla təmsil edəcəklərini, gələcək şagirdlərinə məhz bu ali təhsil ocağını tövsiyə edəcəklərini qeyd etdilər.