Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Şamaxı filialı Tələbə Gənclər Təşkilatı və Kitabxana və elektron resurslar şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı: Ədalət və həqiqət uğrunda” mövzusunda diskussiya keçirildi.
İlk olaraq Kitabxana və elektron resurslar şöbəsinin müdiri Razimi Vəsilə mövzu ilə bağlı ətraflı çıxış edərək, qeyd etdi ki, 1992-ci il fevralın 26-sı Azərbaycan tarixinin ən faciəli səhifələrdən biri kimi, milyonlarla soydaşımızın yaddaşına həkk olunmuş bir hadisədir. Bu gün bütün Azərbaycan xalqı 33 il əvvəl Xocalıda baş vermiş, tarixin ən qəddar etnik təmizləmə və soyqırımı aktını yad edir. Xocalı soyqırımı bütün dünya ictimaiyyətinə müharibənin günahsız insanlar üçün necə əsl cəhənnəmə çevrilə biləcəyini xatırlatmaqla, dünyanın mənzərəsində qara ləkəyə çevrildi. Bu, sadəcə olaraq cinayətkar hərbi təcavüz aktı deyil, həm də ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi sırf vəhşilik, vandallıq aktı idi. Yüzlərlə qoca, qadın və uşaq vəhşicəsinə qətlə yetirilib, minlərlə insan öz evindən, ailəsindən məhrum edilib, qəddarlığın və qeyri-insaniliyin qurbanı olub. Vətənimizin tarixində bütün kədərli hadisələrə baxmayaraq, bu gün Azərbaycan qürurludur. İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi xalqımızın əvvəlki şərəf və şöhrətini qaytaran tarixi məqam oldu. Bu qələbə nəinki torpaqlarımızın işğaldan azad edilməsini, həm də onilliklər əvvəl pozulmuş tarixi ədaləti bərpa etdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli iradəsi və birliyi ilə qeyri-mümkün görünən nailiyyətləri əldə etdik. Strateji əhəmiyyətli ərazilərin, o cümlədən, Şuşanın və Xocalının azad edilməsi təkcə hərbi qələbə deyil, həm də ruhun, ədalətin qələbəsi idi.
Ardınca tələbələrin çıxışları dinlənildi. Tarix və coğrafiya müəllimliyi ixtisasının III tədris ili tələbəsi Qafarova Fidan “Xocalı: Bir gecənin dəhşəti, bir xalqın ağrısı”,Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Mirzəyeva Nuranə – “Xocalı faciəsi dünya mətbuatında” mövzusunda çıxış etdilər. Son olaraq İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsi Əsgərova Zeynəbin ifasında Leyla Mətinin “Xocalı” şeiri və Fizika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Dəmirov Elnurun ifasında Zəlimxan Yaqubun “Xocalım ay Xocalım” şeiri səsləndirildi.