27 Sentyabr Şamaxıda rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Anım Günü tədbiri keçirildi. Tədbirdə Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Xocalı Soyqırımını tanıtma” İB-nin nümayəndəsi Hafiz Ədilov, YAP Şamaxı rayon Təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhməd Mustafayev, şəhid valideynləri iştirak edirdi.
Tünzalə Yusifova çıxışında Vətənin azadlığı uğrunda qəhramancasına həlak olan şəhidlərimizin xatirəsini yad etdi onların keçdiyi şərəfli yoldan söz açdı. 44 günlik Vətən Müharibəsində Azərbaycanın Ali Baş Komandanı, möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və tarixi qələbə qazandı. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3000-ə yaxın vətən oğlu öz canından keçməklə 30 illik torpaq həsrətinə son qoydu. O, qeyd etdiki, bu gün şəhidlər bizim fəxrimiz, vüqarımız, qürur mənbəyimiz, qəhrəmanlıq örnəyimizdir. Nə qədər ki, Azərbaycan xalqı var, şəhidlərin xatirəsi daim əziz tutulacaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağının sancıldığı əzəli və əbədi yurd yerlərimizin yenidən canlanacağına inamımız sonsuzdur.
Ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da saat 12:00-da canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb və şəhid ailələrinə baş sağlığı verilib. Daha sonra Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə Şamaxı Cümə Məscidində şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.
Eyni zamanda ilk döyüş günü şəhidlərinin ailələri ziyarət olunub.