21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş “Mənim ana dilim, mənim kimliyim!” adlı tədbir keçirildi.

21 fevralda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Beynəlxalq Ana dili gününə həsr olunmuş “Mənim ana dilim, mənim kimliyim!” adlı tədbir keçirildi. Tədbirdə filialın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edirdi. Tədbir istiqlal şairimiz Bəxtiyar Vahabzadənin “Ana dili” şeirinin şairin öz səsi ilə səsləndirildiyi videoçarxın nümayişi ilə başlandı.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açdı. O çıxışında ana dili gününün tarixindən, əhəmiyyətindən danışdı.

Daha sonra çıxış üçün söz Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Sevinc Baxşiyevaya verildi. O “Ana dili millətin milli diriliyidir” mövzusunda çıxış edərək, ana dilimizin tarixindən, keçdiyi inkişaf yollarından ətraflı bəhs etdi.

Növbəti çıxış edən Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimi “Ana dilinin bədii ədəbiyyatda tərənnümü” mövzusu ətrafında çıxış edərək bədii ədəbiyyatda ana dilimizə verilən xüsusi diqqətdən bəhs etdi və ana dili mövzusunda qələmə alınmış əsərlərin adlarını çəkdi, onlardan müəyyən sitatları  nümunə göstərdi.

Bundan sonra  tədbir Azsaylı xalqların ana dilinin qorunmasına dair araşdırmaların təqdimi  ilə davam etdi. Bu mövzuda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbələri Haciyeva Turanə “Tatlar” və Səfərov Səfər “Ləzgilər” mövzusunda çıxış edərək maraqlı məlumatlar verdi.

Son olaraq filialın tələbələri Cəbrayılova Narınc, Abbasova Fidan və Ağamalıyeva Şəlalənin ifasında Tofiq Bayramın “Ana dilini bəyənməyənlərə” şeir kompozisiyasının səsləndirilməsi ilə tədbir başa çatdı.

Paylaşın: