2 Fevral – Azərbaycan Gəncləri Günü:
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənclər siyasəti

Müəllif: Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının, onlara olan etimadın və gələcəyə yönəlmiş strateji baxışın rəmzi kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan gənclər siyasətinin formalaşma və inkişaf yolunu aydın şəkildə əks etdirir. Azərbaycan gəncliyi hər zaman dövlətin strateji inkişaf xəttində mühüm yer tutmuş, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və uğurla davam etdirilmişdir.

Ulu Öndər Heydər Əliyevin “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri Azərbaycan gənclər siyasətinin ideoloji əsasını təşkil edir və bu gün də öz aktuallığını qoruyaraq dövlətin gənclərə münasibətinin mahiyyətini ifadə edir.

Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi gənclərə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Bu qərarla Azərbaycan MDB və Şərqi Avropa məkanında gənclər gününü təsis edən ilk ölkələrdən biri olmuşdur. Məhz həmin dövrdən etibarən gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətinə çevrilmiş, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, gənclər forumları keçirilmiş, istedadlı gənclər üçün “Qızıl kitab” və xüsusi təqaüdlər təsis edilmişdir. Eyni zamanda, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərman, 2002-ci ildə isə “Gənclər siyasəti haqqında” Qanun qəbul olunaraq bu sahənin hüquqi bazası formalaşdırılmışdır. Heydər Əliyev gənclərin vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq ruhunda formalaşmasını gənclər siyasətinin əsas vəzifəsi kimi müəyyən etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan gənclər siyasəti yeni və keyfiyyətcə fərqli mərhələyə qədəm qoymuşdur. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, Gənclər Fondunun yaradılması, gənclər üçün Prezident mükafatlarının təsis edilməsi bu siyasətin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Gənclərin təhsili, sosial müdafiəsi, məşğulluğu, innovativ düşüncə və liderlik bacarıqlarının inkişafı istiqamətində həyata keçirilən layihələr onların cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaratmışdır.

Bu dövlət siyasətinin real nəticələri ali təhsil müəssisələrində, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında da aydın şəkildə özünü göstərir. Filialda təhsil alan tələbələr yalnız akademik biliklərlə kifayətlənməyərək elmi-tədqiqat fəaliyyəti, mədəni-kütləvi tədbirlər, sosial layihələr və vətənpərvərlik yönümlü təşəbbüslərdə fəal iştirak edirlər. Tələbə gənclərin ictimai fəallığının artırılması, sağlam tələbə mühitinin formalaşdırılması və asudə vaxtın səmərəli təşkili filialın əsas prioritetlərindəndir.

Şamaxı filialında tələbə həyatı dinamik və çoxşaxəli fəaliyyəti ilə seçilir. Tələbələr könüllülük hərəkatına qoşulur, müxtəlif sosial aksiyalarda, konfrans və seminarların təşkilində aktiv rol alır, eləcə də ölkə miqyaslı gənclər layihələrində filialı layiqincə təmsil edirlər. Bu mühit gənclərin həm peşəkar, həm də şəxsiyyət kimi formalaşmasına mühüm töhfə verir və müasir Azərbaycan gəncliyinin inkişafına xidmət edir.

Nəticə etibarilə, 2 Fevral – Azərbaycan Gəncləri Günü dövlətin gənclərə olan etimadının və gələcəyə yönəlmiş strateji baxışının parlaq ifadəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasətin mərkəzində bilikli, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gənclər dayanır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbə gəncləri də bu inkişaf yolunun fəal iştirakçıları kimi ölkənin gələcəyinə inamla addımlayırlar.