Müəllif: Sosial və humanitar məsələlər üzrə

direktor müavini p.f.d. Seyidova Şəlalə      

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan strateji əməkdaşlıq ruhunun ən dolğun ifadəsi kimi dəyərləndirilə bilər. Dövlət başçısının fikirlərindən aydın görünür ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri təkcə coğrafi yaxınlıqla deyil, eyni zamanda ortaq tarix, mədəniyyət, dini-mənəvi dəyərlər və əsrlər boyu davam edən qardaşlıq əlaqələri ilə bir-birinə möhkəm bağlıdır. İlk baxışda fiziki sərhədlərlə ayrılmış kimi görünsə də, əslində Xəzər dənizi bu məkanın təbii birləşdirici qüvvəsinə çevrilərək xalqlarımızın strateji birliyini və qarşılıqlı əməkdaşlığını daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə artıq üçüncü dəfə iştirak etməsi Azərbaycanın regionla sıx siyasi dialoqa verdiyi əhəmiyyətin bariz göstəricisidir. Düşənbə, Astana və növbəti görüşün keçiriləcəyi Daşkənd qardaş ölkələrin dövlət başçılarının mütəmadi təmaslarının mərkəzinə çevrilib. Son üç ildə Mərkəzi Asiya liderlərinin Azərbaycana təxminən 30 səfəri, Azərbaycan Prezidentinin isə region ölkələrinə 13 səfər etməsi bu münasibətlərin nə qədər dinamik inkişaf etdiyini təsdiqləyir. Orta Dəhlizin artan rolunu nəzərə alsaq, bu siyasi yaxınlaşmanın iqtisadi məzmunla daha da zənginləşdiyi aydın görünür. Prezidentin sözlərinə görə, qarşıdakı Məşvərət görüşü region xalqları arasında davamlı əməkdaşlığın genişləndirilməsi üçün yeni mərhələ olacaq.

Müsahibənin ən önəmli məqamlarından biri şübhəsiz ki, Azərbaycan–Özbəkistan münasibətlərinə dair Prezident İlham Əliyevin verdiyi yüksək qiymətdir. O, Özbəkistanı Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq kimi xarakterizə edir, iki ölkəni birləşdirən ortaq köklərin, dil və mədəniyyət yaxınlığının dövlətlərarası münasibətlər üçün möhkəm təməl yaratdığını xüsusi vurğulayır. Son illərdə iki ölkə arasında əldə edilən siyasi anlaşmalar bu münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşan şəxsi dostluq və qarşılıqlı etimad isə bu strateji bağlılığın ən güclü dayaqlarından biridir. Təsadüfi deyil ki, son bir il yarımda iki ölkə liderləri arasında beş yüksək səviyyəli səfər həyata keçirilib, onlarla mühüm sənəd imzalanıb və əməkdaşlıq praktik olaraq bütün sahələri əhatə edən çoxşaxəli bir məzmun qazanıb.

Ölkələr arasında yaradılmış Ali Dövlətlərarası Şura münasibətlərin inkişaf strategiyasını müəyyənləşdirən əsas platformaya çevrilib. Bununla yanaşı, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəyişməz dəstək və Qarabağın bərpasına göstərdiyi yardım xüsusilə yüksək qiymətləndirilir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin Özbəkistan tərəfindən tikilməsi təkcə bir təhsil layihəsi deyil, xalqlarımız arasında qardaşlığın və mənəvi həmrəyliyin unudulmaz rəmzidir.

İqtisadi sahədə müşahidə olunan dinamika da diqqət çəkir. Azərbaycanda 120-yə yaxın özbək kapitallı şirkətin fəaliyyət göstərməsi, 2024–2025-ci illərdə ticarət dövriyyəsinin rekord səviyyədə artması, iki ölkə arasında qarşılıqlı sərmayələrin çoxalması bu istiqamətdə atılan addımların səmərəsini nümayiş etdirir. 500 milyon dollarlıq Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması iki ölkənin iqtisadi gələcəyinin ortaq planlaşdırıldığının bariz nümunəsidir. Xankəndidə açılmış birgə tikiş fabriki isə dostluğun həm sosial, həm də iqtisadi baxımdan real nəticələrə çevrildiyini göstərir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Orta Dəhlizdə Mərkəzi Asiya üçün əsas tranzit məntəqələrindən biri kimi çıxış edir. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, ölkənin hava nəqliyyatı infrastrukturu və gələcəkdə Zəngəzur dəhlizinin açılması region üçün yeni iqtisadi xəritə formalaşdırır. 2024 və 2025-ci illərdə tranzit daşımaların ciddi artım göstərməsi bu istiqamətdə real nəticələrin əldə olunduğunu təsdiqləyir.

Enerji sahəsində birgə layihələr, xüsusilə yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı da ölkələr arasında strateji tərəfdaşlığın mühüm hissəsidir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında enerji sistemlərinin inteqrasiyasına dair imzalanan memorandumlar regionun enerji təhlükəsizliyinə və davamlı inkişafına yeni perspektivlər açır.

Humanitar və mədəni müstəvidə baş verən proseslər isə münasibətlərin emosional və mənəvi tərəfini daha da möhkəmləndirir. Özbəkistan və Azərbaycanda keçirilən mədəniyyət günləri, “Şuşa günləri”, şəhərlər arasında qardaşlaşma layihələri xalqların bir-birinə yaxınlaşmasına ciddi təkan verir. Daşkənddəki Heydər Əliyev meydanı və Bakıda təməli qoyulmuş “Özbəkistan” parkı isə dostluğun əbədi rəmzlərinə çevrilib. İdman sahəsində birgə əldə olunan nailiyyətlər, xüsusilə 2027-ci ildə U-20 Dünya Çempionatının iki ölkə tərəfindən birgə təşkil olunması bu əməkdaşlığın yeni simvoludur. Media və QHT platformalarında keçirilən forumlar da xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də dərin tarixi, mədəni və mənəvi təməllər üzərində dayanır. Bu əməkdaşlıq modeli regionda sabitliyə, inkişaf və tərəqqiyə xidmət edən nümunəvi bir qardaşlıq münasibətidir. Bu gün xalqlarımızın birləşdirici amilləri daha güclü şəkildə təcəssüm olunur və Azərbaycan–Özbəkistan tərəfdaşlığı həm iki ölkə üçün, həm də geniş Avrasiya coğrafiyası üçün strateji əhəmiyyət daşıyan yeni bir mərhələyə qədəm qoyur.