Müəllif: Pedaqogika və psixologiya kafedrasının
müəllimi Abdullayeva Səməngül
Azərbaycan xalqının yaxın tarixi milli qürur, birlik və qəhrəmanlıq nümunələri ilə zəngindir. 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi bu qəhrəmanlıq salnaməsinin ən parlaq səhifəsini təşkil edir. Bu zəfər tarixində xüsusi yer tutan günlərdən biri də 20 oktyabr – Zəngilan şəhəri günüdür. Həmin gün 27 illik işğaldan sonra Zəngilan şəhəri və bir sıra kəndlər Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm strateji və mənəvi dönüş nöqtəsi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr tarixi “Zəngilan şəhəri günü” kimi rəsmiləşdirilmişdir. Bu qərar həm Zəngilanın azadlığına, həm də onun yenidən qurulması prosesinə verilən yüksək siyasi və mənəvi dəyərin göstəricisidir.
Bu gün 20 oktyabr rəsmi şəkildə “Zəngilan şəhəri günü” kimi qeyd olunur və ölkənin müxtəlif bölgələrində bu münasibətlə tədbirlər, sərgilər, elmi konfranslar və vətənpərvərlik mövzusunda görüşlər keçirilir.
Zəngilan rayonu 1993-cü ilin payızında 67 gün mühasirədə qalaraq qəhrəmancasına müdafiə olundu. 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən rayonun işğal olunması nəticəsində 235 nəfər şəhid və itkin verən zəngilanlılar son anda Araz çayını keçərək İran ərazisinə, oradan isə Azərbaycanın müxtəlif bölgələrinə keçməyə məcbur oldular. Bu, Zəngilanın azadlıq uğrunda apardığı mübarizənin simvolu kimi tarixə düşdü. İşğal dövründə rayonun 90-a yaxın yaşayış məntəqəsi dağıdılmış, 35 mindən çox sakin doğma yurd-yuvasını tərk etməyə məcbur qalmışdı.
Zəngilanın coğrafi mövqeyi – Zəngəzur silsiləsinin cənub ətəklərində, Araz çayının sahilində yerləşməsi – rayonu strateji əhəmiyyətli bölgəyə çevirmişdi. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, qərbdən Ermənistanın Mehri və Qafan rayonları, cənubdan isə İran İslam Respublikası ilə həmsərhəddir. Zəngilan Azərbaycanın Qarabağ bölgəsinin cənub-qərbində yerləşən, zəngin təbii sərvətlərə, meşə massivlərinə, mineral sulara və əlverişli iqlimə malik bir diyardır. Rayon ərazisindən Oxçuçay, Araz, Bəsitçay kimi mühüm çaylar axır.
Tarixi baxımdan Zəngilan ərazisində qədim yaşayış məskənləri, qala qalıqları və arxeoloji abidələr mövcuddur. Ağoğlan qalası, Bartaz qalası, Mincivan körpüsü, Şərifan kəndindəki məscid bu bölgənin qədim Azərbaycan mədəniyyətinə mənsub olduğunu təsdiq edir.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına daxil edilmiş və bu əraziyə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın daxil olmuşdur. 1920-ci ilin aprel işğalından sonra isə bolşevik Rusiyasının təzyiqi ilə Zəngəzurun yuxarı hissəsi Ermənistana birləşdirilmiş, yalnız Zəngilan, Laçın və Qubadlı Azərbaycanın tərkibində qalmışdır.
Zəngilan zəngin təbiəti, mineral ehtiyatları və qədim mədəni abidələri ilə seçilir. Ərazidə tikinti daşı, əhəng, qara mərmər və qızıl yataqları mövcuddur. Zəngilan qədim sivilizasiya ocağı kimi yüzlərlə tarixi və dini abidəyə malikdir:
- İmam Hüseyn məscidi (XVII əsr), Səkkizguşəli türbə (XIV əsr, Məmmədbəyli kəndi),
- Alban kilsələri, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi, Qız qalası, Bartaz qalası və s.
Təəssüf ki, 1993–2020-ci illərdə erməni işğalı dövründə bu abidələrin böyük əksəriyyəti vandalizmə məruz qalmış, məscidlər təhqir edilmiş, qəbiristanlıqlar dağıdılmışdır.
2020-ci il 20 oktyabr tarixində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Zəngilan şəhəri, Havalı, Əmirxanlı, Məmər, Zərnəli, Qumdaraq, İndza və digər kəndlər işğaldan azad edildi. Bu xəbəri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı elan etmişdir.
Zəngilanın azad edilməsi həm də regionda Zəngəzur dəhlizinin açılması, Azərbaycanın əsas nəqliyyat və iqtisadi əlaqələrinin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.
Zəngilan bu gün azad edilmiş torpaqlar arasında ən sürətlə bərpa olunan rayonlardan biridir. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində burada müasir şəhərsalma və “yaşıl enerji” layihələri həyata keçirilir.2022-ci ildə istifadəyə verilən Ağalı kəndi Azərbaycanın ilk “Ağıllı kənd” layihəsi kimi mühüm əhəmiyyət daşıyır. Bu layihə innovativ texnologiyaların tətbiqi, ekoloji təmiz enerji mənbələrinin istifadəsi və müasir kənd təsərrüfatı sisteminin yaradılması ilə seçilir.
Hazırda Zəngilanda yollar, məktəblər, xəstəxanalar, elektrik xətləri və digər sosial infrastruktur sürətlə inşa olunur. Bütün bu işlər Azərbaycan dövlətinin azad olunmuş torpaqlarda dayanıqlı inkişaf və demoqrafik bərpa siyasətini əks etdirir.
20 oktyabr təkcə bir hərbi qələbənin tarixi deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, birliyinin və dövlətinə sədaqətinin təcəssümüdür.
Bu tarix Azərbaycan Ordusunun gücünü, xalq-dövlət birliyinin sarsılmazlığını və ədalətin bərpasını simvolizə edir.Zəngilanın azad olunması eyni zamanda Vətən müharibəsinin gedişində Zəngəzur istiqamətində mühüm strateji üstünlük qazandıraraq növbəti əməliyyatlara zəmin yaratmışdır.
20 oktyabr – Zəngilan şəhəri günü Azərbaycan tarixində həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan xüsusi önəm daşıyan gündür. Bu tarix yalnız bir şəhərin azadlığı deyil, həm də xalqın azadlıq iradəsinin, milli qürurunun və gələcəyə inamının təntənəsidir.
Zəngilanın bərpası və dirçəlişi Azərbaycanın yeni inkişaf mərhələsinin rəmzidir. Qələbədən doğan bu dirçəliş bütün dünya üçün bir nümunədir ki, ədalət və haqq mütləq qalib gəlir.
Qarabağ Azərbaycandır!
