Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır” adlı elmi-praktik konfrans keçirildi.
İlk olaraq ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra 20 yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olundu.
Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, XX əsr xalqımızın tarixinə həm qanlı faciələrlə, həm də qəhrəmanlıqlarla dolu olan bir dövr kimi daxil olmuşdur. Xalqımız haqlı olaraq 20 Yanvar hadisələrini həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndirir. Həmin gün milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. O faciəli günlərdə xalqın səsinə hər kəsdən əvvəl səs verən məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu Öndərin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi. Bu bəyanatın davamı olaraq ulu öndər Heydər Əliyev yenidən respublikamızda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrində şəhid olmuş həmvətənlərimizin ailələrinin və sağlamlığını itirən əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirmişdir.
Azərbaycanın yenidən müstəqillik qazanmasında xalqımızın qəhrəman oğullarının əvəzsiz xidmətləri olmuşdur. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi idi.
Son olaraq qeyd etdi ki, xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur və hörmətlə yad edir.
Ardınca çıxışlar dinlənildi. Sosial və xüsusi fənlər kafedrasının müdiri Mayıl Alıcanov- “20 yanvar- Qanlı və şanlı tariximiz”, kafedranın dosenti Cavadova Zərifə “20 Yanvar- Qəhramanlıq və şərəf günü”, kafedrasnın müəllimi Abdullayev Babək – “20 Yanvarın acı xatirələri” mövzusunda ətraflı çıxış etdi.