Yanvarın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 20 Yanvar Faciəsinə həsr olunmuş anım tədbiri keçirildi.
İlk olaraq filialın rəhbərliyi Şamaxı şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər və Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad etdilər.
Həmin gün filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə Zoom platformasında tədbir keçirildi.
Vətən yolunda qəhrəmancasına şəhid olmuş vətəndaşların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə giriş sözü ilə çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova 20 Yanvar faciəsinə Ulu öndər Heydər Əliyev tərəfindən ilk siyasi qiymətin verilməsini xüsusi vurğuladı. Çıxışda o da qeyd olundu ki, 2020-ci ildə şahidi olduğumuz Zəfər yürüşü 20 Yanvar 1990-cı il xalq birliyinin növbəti sübutu – xalqımızın qəhrəmanlıq kitabının növbəti səhifəsidir. Ali baş komandan cənab İlham Əliyevin hər bir addımda şəhid yaxınlarına, qazilərə, müharibə dövründə zərər çəkmiş vətəndaşlara qayğısı isə göz önündədir Bu diqqət, bu qayğı Ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdiyinin göstəricidir.
Tədbirdə çıxış edən Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova xalqın yaddaşına qanla yazılmış faciənin tarixi həqiqətlərindən, əsas səbəblərindən danışdı. Qeyd olundu ki, bu faciədə 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
Tərbiyə işlər üzrə direktor müavini Şəlalə Seyidova faciənin baş verdiyi günlərdə Azərbaycan və beynəlxalq mətbuatın hadisəyə münasibətindən, bədii təfəkkürdə yaranan oyanışdan, 20 Yanvar faciəsinin unutdurulmamasının bu günkü gənclərin vətənpərvərlik ruhunun yaranmasında böyük əhəmiyyət kəsb etdiyindən bəhs etmişdir.
Filialın Tələbə Gənclər Təşkilatının sədri Hilal Mürsəlov qeyd etdi ki, 20 yanvar 1990-cı ildə əliyalın tank qarşısına çıxan Azərbaycan xalqı həm azadlığının, həm də Sovet hökuməti tərəfindən bizdən qoparılmağa çalışılan torpaqlarının uğrunda qəhrəmanlıq nümayiş etdirmişlər və onlar gənclik üçün əsl nümunədirlər.
I tədris ili tələbələrindən Nadir Məmmədovun özünün müəllifi olduğu “Qanlı Yanvar” və Fidan Abbasovanın “Şəhidlər” şerlərini səsləndirmələri xüsusi maraqla qarşılandı.
Allah şəhidlərimizə rəhmət eləsin!