100 İLLİK VƏ 30 İLLİK YUBİLEYLƏR ƏRƏFƏSİNDƏ…
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında ADPU-nun 100 və Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş “Respublikamızda milli-pedaqoji kadrların hazırlanmasında ADPU-nun rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirildi. Tədbirdə filialın professor-müəllim heyəti və tələbələri, qonaq qismində isə ADPU-nun professoru Malik Cəbrayılov, BDU-nun Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Mirələm Vəliyev iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova 1921-ci ildə ADPU-nun və 1991-ci ildə onun Şamaxı filialının yaranma tarixi barədə məlumat verdi. T.Yusifova keçmişdən bu günə qədər böyük inkişaf yolu keçmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin bu gün Azərbaycanın ən nüfuzlu ali məktəblərindən birinə çevrilməsindən danışaraq bildirdi ki, universitet son illərdə rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə yüksək sürətlə dinamik inkişaf etmişdir. O, qeyd etdi ki, “ADPU-nun 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncam imzalaması Cənab Prezident İlham Əliyevin təhsil sahəsinə qayğısının növbəti təcəssümüdür. Bu gün ADPU-nun və o cümlədən Şamaxı filialının məzunları Azərbaycanın bütün bölgələrində istər pedaqoji, istərsə də digər dövlət əhəmiyyətli sahələrdə çalışır və ADPU-nu uğurla təmsil edirlər. Ölkədə təhsil sahəsində aparılan islahatlara bütün imkanları ilə qoşulan ADPU-nun Şamaxı filialı maddi-texniki bazası, təhsil mühiti, keçirilən beynəlxalq və respublika səviyyəli tədbirləriylə bu gün cəmiyyətdə özünə müsbət imic qazanmışdır. Filialın məzunları vətənpərvərlik ruhunda tərbiyə olunmalarıyla nəinki pedaqoji və digər sahələrdə, həm də 44 günlük Vətən müharibəsində dövlətimizə və dövlətçiliyimizə olan sədaqətlərini ön sıralarda nümayiş etdirdilər.
“Azərbaycan Dövlət Pedaqoji Universiteti Respublikada pedaqoji təhsilin bayraqdarıdır” mövzusunda məruzə ilə çıxış edən prof. Məlikməmməd Cəbrayılov ADPU-nun fəaliyyəti boyunca Azərbaycanda kadr hazırlığı prosesinə verdiyi töhfələrdən, yetişdirdiyi minlərlə maarif və ictimai xadimin Azərbaycan cəmiyyətində oynadığı roldan bəhs etdi. Ümummilli lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə ADPU-nun çiçəklənmə dövrünü yaşadığı xüsusi vurğulandı. Bu proses bu gün də davam edir və ADPU ən nüfuzlu ali məktəblərdən biri olaraq 20 minə yaxın tələbənin kadr hazırlığını həyata keçirir, həmçinin bir çox beynəlxalq layihələrə qoşulur. Buna misal olaraq Corc Vaşinqton Universiteti ilə ikili diplom layihəsini qeyd edə bilərik. O, Şamaxı filialında da kadr hazırlığının uğurla həyata keçirildiyini qeyd etdi.
Həm də ADPU-nun məzunlarından olan BDU-nun dosenti Mirələm Vəliyev çıxışı zamanı respublikamızın ilk ali pedaqoji təhsil ocağının yarandığı gündən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirdiyindən, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirməsindən bəhs etdi. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında Universitetin çox sayda məzunları vardır. M.Vəliyev Şamaxı filialında müəllim olaraq fəaliyyət göstərdiyi illərdən də qürur hissi ilə bəhs etdi.
Uzun illər Şamaxı filialının direktoru vəzifəsində çalışmış, hazırda filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri vəzifəsini icra edən dos. Mayıl Alıcanov 1991-ci ildən V.İ.Lenin adına APİ-nin Şamaxı filialı kimi fəaliyyətə başlayan və bu gün ADPU-nun Şamaxı filialı kimi fəaliyyətini davam etdirən filialda hər zaman yüksək elmi-potensiala malik kadrların fəaliyyət göstərdiyini qeyd etdi. O, bu gün də filiala yerli kadrlarla yanaşı, ölkənin nüfuzlu ali təhsil müəssisələrindən 10-dan çox alimin dəvət olunduğunu vurğuladı.
Sonra filialının Tədris və elmi işlər üzrə direktor müavini, f.ü.f.d Şasəddin Mikayılov “ADPU-nun fəaliyyətində Heydər Əliyev erası” və kafedranın müəllimi Qasımova Yaqut “Elmi pedaqoji kadrların hazırlanması günün aktual problemidir” mövzularında çıxış etdilər.